Əli Rəhimzadə (65 kq) Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal qazandı.

Rekord.az xəbər verir ki, ötən il Romada keçirilən analoji yarışda eyni uğura imza atan sərbəst güləşçimiz qitə birinciliyindəki çıxışı haqqında Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib:

“Buraya çempion olmağa gəlmişdim. Ötən il Avropa çempionatında bürünc medal qazanmışdım. Ona görə də bu dəfə hədəfim yalnız qızıl medal idi. Ancaq yarımfinalda Rusiya güləşçisinə məğlub oldum. Hər halda, medalsız qalmadım. Buna da şükür. Qismət beləymiş. İnşallah, növbəti yarışlarda çempion olaram.

Əslində digər görüşlərim rahat keçdi. Düzdür, erməni güləşçiylə qarşılaşmada hesab 2:1 oldu. Hətta xəbərdarlıq xalı verilməsəydi belə ona qalib gələcəyimə əmin idim. Lazım olan xalı alacaqdım. Güləş üslubum belədir. Adətən xallarımı sona yaxın alıram. Gürcüstan güləşçisinə isə ümumiyyətlə, rahat qalib gəldim. Bürünc medal uğrunda görüşdə son 30-40 saniyəni gözləyirdim ki, fənd edib xalımı alım. Belə də oldu.

Rusiya güləşçisiylə görüşdə taktikanı düzgün qurmadım. Əslində rəqibin üslubunu tam bilirdim. Ona uduzmamalıydım. Ancaq belə alındı. Hesabda 4:0 öndə idim. Amma bu hesab məndə arxayınlıq yaratmadı. Əksinə, tam üstünlüklə qalib gələ biləcəyimi düşünürdüm... İnşallah, hazırlaşıb Avropa, dünya və olimpiya çempionu olmağa çalışacağam”.