“Hələ də ödənilməyən maaşlarımız var” - Əmir Ağayev
- 04 May 2020 18:00
- 730
“Sumqayıt”ın israilli futbolçusu Əmir Ağayev ölkəsinin mətbuatına açıqlama verib.
Rekord.az xəbər verir ki, futbolçu, koronavirus səbəbiylə dayandırılan Premyer Liqanın bərpa olunacağına inanmadığını bildirib:
“Komanda şəklində “Zoom” proqramı ilə onlayn məşqlər keçirdik. Qəflətən televiziya vasitəsilə elan etdilər ki, karantin müddəti mayın 31-dək uzadılıb. Komandada təxminən 15 futbolçunun müqaviləsi başa çatır, bu, bizə problem yaradacaq. İsrail hökuməti vətəndaşlarını ölkəyə aparmaq üçün xüsusi reyslər təşkil edir. Amma hazırda qeyri-müəyyənlikdir. Çünki qayıdıb-qayıtmayacağım sual altındadır”.
Ağayev, klubun ona borcu olduğunu bildirib:
“Mayın 31-də “Sumqayıt”la müqaviləm başa çatacaq və azad agent olacam. Belədə İsrailə qayıda bilərəm. Digər tərəfdən, hələ də ödənilməyən maaşlarımız var. Bu, kabus və qeyri-müəyyənlikdir. Növbəti mövsümdə də burda davam edib-etməyəcəyimdən asılı olmayaraq, mütləq ölkəmə yollanacam. Çünki bir ildir İsraildən kənardayam. Yoldaşım hamilə olduğu üçün qış fasiləsində gedə bilmədim. İndiki vəziyyətdə ölkəmə qayıdıb-qayıtmayacağım isə hələ məlum deyil”.