“Həm futbolçulardan, həm də nəticədən razı qaldım” - Qurban Qurbanov
- 24 Okt 2019 23:37
- 1011
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Kiprin APOEL klubu ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.
Rekord.az xəbər verir ki, Qurbanov 2:2 hesabıyla bitən görüşü belə şərh edib:
- Hamımız üçün maraqlı oyun oldu. Həm yaxşı mübarizə, həm də qollar izlədik. Hansı ki, azarkeş bunun üçün stadiona gəlir. Sadəcə, qalibiyyət çatmadı. Hər bir halda, bütün oyunçularımdan razı qaldım. Bütün oyunçular komandaya çox şey verdi. 1:2 məğlub olurduq, sona qədər soyuqqanlı olduq. Bu gün meydanda futbolçular, meydandan kənarda da möhtəşəm azarkeşlər vardı. Bu gün tam birlik gördüm.
- Bu gün əlinizə düşən şansları sağa-sola xərcləyirdiz. Bu, sizi qayğılandırırmı?
- Sağa-sola xərcləmirdik. Sadəcə, rəqibin müdafiədəki oyununu da nəzərə almalıyıq. 1-2 epizodu çıxmaqla, bütün epizodlar sıxlıq şəraitində olur. Belə olanda zərbə endirmək asan olmur. Açığı deyim ki, futbolçularımdan razı qaldım. Mahir Emreli də tam formada deyil. Zədəlilərimiz də çoxdu. Yaxşı oynadıq, epizodlar yaratdıq, ümidliyəm. Hücumçularımız da qol vurur. Bir oyun hücumçu, bir oyun müdafiəçi qol vurar. Daha sərrast olmaq üçün çalışırıq. Gələcəkdə maksimuma çatdıracaqlar.
- Hesabdan razı qaldız?
- Düzünü desəm, oyunun gedişatını götürsək, məğlub durumda olmağımızı nəzərə alsaq, razı qaldım. Əvvəlki oyunda APOEL-ə məğlub olmuşduq. Geri dönüş də asan deyildi. Fasilədə başda mən olmaqla, hamı soyuqqanlı oldu. Çünki oyunun gedişatını görürdük. Necə hazırlaşmışdıqsa, demək olar 90 faizini etdik. Daha soyuqqanlı olmağı tapşırmışdım. Məğlubiyyətdən 2:2-yə gəlməyi nəzərə alsaq, hesabdan razıyam.
- Araz Abdullayevdən 10-15 dəqiqə istifadə etmək təsirli olardımı?
- Oyunun gedişatında dəyişiklik etməyi düşünürdüm. Ancaq oyun elə getdi ki, ehtiyac duymadım. Çünki bəzən belə oyunlarda oyunçularda stress daha çox olur, əsas da ehtiyatdakılarda. Görürsən ki, oyunçu meydana daxil olanda daha istəkli olur, daha çox qaçır və tez yorulur. Dəyişikliyin komandanın oyun planını pozacağını düşündüm.
- Səfər oyununda rəqibin daha çox açılacağını nəzərə alsaq, sizcə, daha asan olmayacaq?
- Rəqib bu gün sərt oynayırdı. Yenə də soyuqqanlı olmalıyıq. Səfər oyununda açılacaqlarını gözləmirəm. Bu, onların oyun planıdı. Boşluqlar verəcəklərini düşünmürəm. Çalışacağıq ki, hər fürsətdən istifadə edək.
- Qrupda şanslar necədi?
- Hər 3 komandanın şansı var. Son oyunda bilinəcək hər şey. Bu gün bizim də şansımız varsa, çalışacağıq ki, minimum bunu qoruyaq.
- Xayme Romeronun durumu nə yerdədi?
- Pis deyil. Düşünürəm ki, ən azı APOEL-lə səfər oyununda hazır olacaq.
- Səfərdə APOEL-i məğlub etmək üçün xüsusi planınız varmı?
- Ev və səfər oyunu fərqli olur. Hər zaman öz oyunumuzu göstərməyə çalışmışıq. Öz meydanında oynayan komanda daha inamlı olur və çox hücum edir. Bu oyunu da təhlil edib, bir neçə əlavə variant düşünəcəyik.
- Mahir Emrelini məcburiyyətdən meydana saldız?
- Zədəsini tam sağaldıb, ancaq fiziki formasından bir az uzaqdı. Zədədən sonra ilk oyunu idi. Start heyətdə meydana çıxsa, risk olacaqdı. Bu gün Mahirin ayağının yaxşı olduğuna əmin idik. Onu son 30 dəqiqədə düşünürdüm. Ancaq gedişat elə oldu ki, 45 dəqiqə şans verdim.
- Maqaye Qeyenin oyununu necə dəyərləndirirsiz?
- Normal. Bizim bir neçə hücumumuz oldu ki, Maqaye ilə etdik. Niyə Mahir soruşursuzsa, hücumdakı tempi qoruyub saxlamaq üçün. Ancaq Maqayedən razı qaldım.
- Hazırda sosial şəbəkələrdə Rəşad Sadıqovun karyerasını bitirməli olduğu deyilir...
- Səhvsiz futbolçu olmur. Biz öz oyunçularımızın qədrini bilməliyik. Bir epizodla futbolçuya dəyər veririksə, bu, düzgün deyil. Rəşadın 90 dəqiqə oyununa baxsaq, tam fərqli bir şey görərdik. İlk qol da top Maksimin kürəyinə dəydi, yaxşı ki, Rəşada dəyməyib. Rəşadın qədrini bilməliyik. Həmişə futbolçularla əlaqədə oluruq, onlara güvəndiyimizi deyirik. Onlara hər zaman tövsiyyəmiz olur ki, təsirlənməsinlər. Azarkeşlərin düşüncələri normaldı. Vaxtı ilə məni də istefaya göndəriblər. Milli komandada belə şeylər olur. Azarkeşlərin fikirlərinə hörmət edirik. Biz onlarla, onlar da bizimlədi.
- Oyunun statistik göstəriciləri vacibdi, yoxsa nəticə? APOEL-lə oyunda hansına üstünlük verəcəksiz?
- Yəqin ki, səfərdə statistika başqa cür olacaq. Hər zaman topla daha çox oynamağa üstünlük verirəm. Hər bir halda bunu etməliyik. İstər səfərdə, istərsə də öz meydanımızda. Öz oyunumuzdan geri çəkilməməliyik. Digər tərəfdən də, çalışacağıq ki, qol epizodlarında daha dəqiq olaq. (komanda.az)