Nazim Süleymanovun rəhbəri oldugu AFFA Həmkarlar İttifaqı öz fəaliyyət sahəsini daha da genişləndirir, sıralarına qoşulanların sayı durmadan çoxalır.

 

Rekord.az xəbər verir ki, İmişli, Masallı, Lənkəran və Şirvanın ardından ittifaq növbədi yerli təşkilatını Sumqayıtda yaradıb.

 

Dünən baş tutan tədbirə maraq böyük olub. Təbii ki, burada Nazim Süleymanovun sumqayıtlı olması və Sumqayıt futbol məktəbinin yetirməsi olması da öz sözünü deyib. Əslində tədbirdə daha böyük insanın iştirakı mümkün idi. Lakin sonradan belə qərara alındı ki, öncə yerli təşkilat təsis olunsun və daha sonra uyğun bir vaxtda Sumqayıtın futbol ictimaiyyəti ilə daha böyük miqyasda görüş keçirilsin. 

30-a yaxın şəxsin qatıldığı toplantıda ittifaqın idarə heyətindən sədr Nazim Süleymanov, üzvlər Asəf Namazov, Naib Abdulla,  Samir Ələkbərov və Anar Xanlarov iştirak edirdi. Öncə sədr Nazim Süleymanov çıxış edərək futbolumuzdakı problemlər və onların həllinə yardımçı olmaq üçün həmkarlar ittifaqının varlığının vacibliyini qeyd edib. Ardınca ittifaqın idarə heyətinin üzvü Naib Abdulla ittifaqın qeydiyyat məsələsi haqda danışaraq sənədlərin həmkarlar konfederasiyasına təqdim olunduğunu və cavab gözlədiklərini bildirib. Eyni zamanda, bu prosesin bir qədər uzun sürməsinin və bütün sənədlərin hər detalına qədər incələnməsinin də normal  proses olduğunu toplantı iştirakçılarını diqqətinə çatdırıb. 

Daha sonra yerli təşkilatın yaradılmasının zəruriliyi qeyd edildi və yetkinliklə buna razılıq ifadə olundu. Ardında iclasın sədri və katibi seçildi. Sədr Zahir Həsənov,  katib isə İsabala Əliyev seçildi. Bunun ardınca AFFA Həmkarlar İttifaqının nizamnaməsi yerli təşkilat tərəfindən də qəbul olundu. Ardınca isə Sumqayıt şəhər futbol ictimaiyyətinin yerli həmkarlar təşkilatının AFFA Həmkarlar İttifaqının tərkibinə daxil olması və xidmətə götürülməsi haqqında məsələyə də baxıldı və müsbət rəy verildi. 

Bütün bunlardan sonra yeni yaranan təşkilat öz sədrini seçdi. Elçin Kərimov yekdilliklə AFFA Həmkarlar İttifaqının  Sumqayıt təşkilatının sədri seçildi. Bununla da, ittifaqın yerli təşkilatlarının sayı 5-ə,  üzvlərinin sayı isə 430-a çatdı.