Voleybol üzrə beynəlxalq dərəcəli hakimimiz Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb. "Rekord.az" xəbər verir ki, ədalət təmsilçimiz Serbiya və Macarıstanda keçiriləcək qızlar arasında U-17 Avropa çempionatının final mərhələsində oyunları idarə edəcək hakimlərdan biri olacaq.

11-23 iyul tarixlərində baş tutacaq qitə birinciliyində 16 komanda mübarizə aparacaq. I qrupun oyunları Serbiyanın Vrnjaçka Banja şəhərində, II qrupun oyunları isə Macarıstanın Bekescsaba şəhərində keçiriləcək. CEV-in təyinatına əsasən həmyerlimiz Zaur Hacıyev II qrupun oyunlarına təyinat alıb. Bu qrupda meydan sahibləri ilə yanaşı, Belçika, Fransa, Almaniya, Yunanıstan, Rumıniya, Sloveniya və Türkiyə yer alıb. I qrupda isə Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, İtaliya, Polşa, Serbiya və Niderland yarışacaq.

Birincilikdə yarımfinallar iyulun 22-də baş tutacaq. Çempionun adı isə iyulun 23-də bəlli olacaq.