Həmyerlimiz Böyük Dəbilqə turnuriundə mübarizəyə başlayır
- 18 Fev 2022 13:21
- 525
İsrailin Təl-Əviv şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.
Rekord.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın bir təmsilçisi tatami üzərinə çıxacaq.
Bu, 73 kq çəki dərəcəsində yer alan Hidayət Heydərovdur. 25 yaşlı idmançı mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. O, Daniyar Şamşayev (Qazaxıstan) - Oron Giner (İsrail) cütünün qalibi ilə görüşəcək.
73 kq çəkidəki digər cüdoçu Rüstəm Orucov, eləcə də 81 kq-da Elcan Hacıyev və Murad Fətiyev, koronavirus testləri müsbət nəticə verdiyindən, yarışa buraxılmayıblar.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan təmsilçilərindən 66 kq-da Yaşar Nəcəfov gümüş medal qazanıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.