Hər iki oyunda eyni hesab qeydə alındı
- 15 Fev 2020 18:43
- 1018
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, FHN-nin İdman-Sağlamlıq Kompleksində baş tutan matçların hər ikisində eyni – 3:0 hesabı qeydə alınıb.
Günün ilk qarşılaşmasında “Azərreyl” “Xilasedici”ni sınağa çəkib. Görüşdə ikincilər birinci seti 9 top öndə bitiriblər – 25:16. Növbəti iki hissə də “Xilasedici”nin qələbəsi ilə başa çatıb. İkinci hissədə 25:21 hesabı ilə qalib gələn komanda son setdə rəqibini 25:19 hesabı ilə məğlub edib.
MOİK - “Sərhədçi” oyununda isə birincilər asan qələbə qazanıblar. İlk setdə 25:17 hesabı ilə qalib gələn “hərbiçilər” ikinci hissədə rəqiblərinə cəmi 9 xal veriblər – 25:9. Üçüncü setdə isə MOİK rəqibini 25:13 hesabı ilə məğlub edib.
Bu matçlardan sonra “Xilasedici” yenidən liderliyə yüksəlib. Rəqiblərindən 1 oyun çox keçirən (6 oyun) komandanın hesabında 15 xalı var. 3 setlə qazanılan 3 xal MOİK-in də turnir cədvəlində mövqeyinə təsir edib. 5 qarşılaşmaya 7 xal toplayan komanda 4-cü yeri ələ keçirib. Onlar 6 xala malik “Azərreyl”i qabaqlayıblar. “Sərhədçi” isə 6 görüşdən sonra hələ də xal qazanmayıb.