Siyəzəndə “Heydər Əliyev İli”nə həsr olunmuş yeniyetmələr arasında Sərbəst güləş üzrə şəhərlərarası turnir keçirilib.

Rekord.az xəbər verir ki, şəhər stadionunda Siyəzən Rayon Gənclər və İdman İdarəsinin, YAP Siyəzən rayon Təşkilatının və Uşaq Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarış Ümummilli liderin xatirəsinin yad edilməsi, sərbəst güləş idman növünün rayonda inkişaf etdirilməsi, bu idman növünün yeniyetmələr arasında təbliği, yeniyetmə güləşçilərin yarış təcrübəsinin artırılması, həmçinin perpektivli idmançıların aşkara çıxarılması məqsədi daşıyıb.

Turnirin açılış mərasimində dövlət himni səsləndirilərək Ümummilli liderin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra tədbirin açılışında çıxış edən rəsmilər yarışın məqsədləri və əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat veriblər. Yarışda 2 yaş qrupu üzrə 200-dən çox yeniyetmə güləşçi 24 çəki dərəcəsində yerlər uğrunda mübarizə aparıb.

Turnirdə Siyəzən güləşçiləri ilə yanaşı Bakı və Sumqayıt şəhərlərindən, eləcə də Abşeron, Şabran, Xaçmaz, Quba və Xızı rayonlarından olan idmançılar da iştirak ediblər. Yarışın nəticəsinə əsasən komanda hesabında Siyəzən I, Şabran II, Sumqayıt güləşçiləri isə III olub.

Təltif olunma mərasimində mübarizə apardıqları yaş və çəki dərəcələrində yer tutan idmançılara təşkilatçılar tərəfindən kubok, medal və diplomlar təqdim edilib.