Heydərov Avropa çempionu oldu, Orucov bürünc medal qazandı
- 30 Apr 2022 20:21
- 552
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün daha iki idmançımız mübarizəyə qoşulub.
73 kq-da çıxış edən Hidayət Heydərov mübarizəyə 1/16 finaldan başlayıb. O, ardıcıl olaraq, Adam Stodolski (Polşa), Martin Hoyak (Sloveniya) və Aleksandru Rayku (Rumıniya) ilə qarşılaşıb və qalib gəlib. Heydərov finala gedən yolda Mark Xristovla (Bolqarıstan) qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Heydərov finala yüksəlib. O, qızıl medal uğrunda mübarizədə Covanni Espozito (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirib. Həlledici görüşdə də qızıl xalla qalib gələn Azərbaycan cüdoçusu qızıl medal qazanıb. Bununla da o, ikiqat Avropa çempionu olub.
Bu çəkidəki digər Azərbaycan təmsilçisi Rüstəm Orucov isə ilk iki görüşündə Coşua Qrin (İrlandiya) və Aleksandr Koşlyakı (Ukrayna) məğlub etsə də, 1/4 finalda Mark Xristovla (Bolqarıstan) bacarmayıb. Orucov təsəlliverici qarşılaşmada Rayku ilə üz-üzə gəlib. Rüstəm Rumıniya cüdoçusunu məğlub edərək, bürünc medal görüşünə vəsiqə qazanıb. Avropa çempionunun rəqibi Adrian Sulka (Rumıniya) olub. Bu rəqibini də məğlub edən Orucov Avropa üçüncüsü olub.
Xatırladaq ki, Avropa çempionatının ilk günündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparıb. Onlardan heç biri medal qazana bilməyiblər. Yarış mayın 1-də başa çatacaq. Son gündə daha üç idmançımız mübarizəyə qoşulacaq.