
Heydərovla Trautman Monteneqroda mükafatlandırıldılar
- 14:30
- 47
Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov və cüdo millisinin baş məşqçisi Riçard Trautman Monteneqroda mükafatlandırılıb.
Rekord.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Hidayət Heydərov 2024-cü ilin ən yaxşı kişi cüdoçusu adına layiq görülüb.
Ona mükafatı Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laslo Tot təqdim edib.
EJU-nun rəsmi saytında bu barədə yazılır:
"Bu idmançı yeniyetmə və gənc yaşlarında Avropa, dünya çempionu titullarını qazanaraq adından söz etdirmişdi. Zamanla öz potensialını reallaşdırmaqda qətiyyət göstərdi. 2024-cü ildə dördüncü dəfə Avropa çempionu oldu, ardınca dünya və Olimpiya çempionluqlarını qazandı. Bir ildə bu qədər böyük uğura imza atmaq nadir hadisədir. Bu möhtəşəm nailiyyətin sahibi isə Azərbaycan təmsilçisi Hidayət Heydərovdur".
Avropada ilin ən yaxşı kişi məşqçisi isə Azərbaycan millisinin baş məşqçisi və performans direktoru Riçard Trautman seçilib. Ona mükafatı Avropa Cüdo Birliyinin idman direktoru Aqron Kuka təqdim edib.
EJU-nun saytında Trautmann haqqında bunlar qeyd edilib:
"2024-cü ildə bu məşqçi iki Avropa, iki dünya və iki Olimpiya çempionluğu qazandıraraq hər xalq üçün böyük uğur sayılan bir nəticəyə imza atdı. Azərbaycan komandasının lideri həm rəhbərlik etdiyi idmançıların möhtəşəm nailiyyətləri, həm də Olimpiya ilində qazandığı şəxsi uğurlarına görə qürur duya bilər".
Qeyd edək ki, bu ilin fevralında Parisdə keçirilən tədbirdə həm Hidayət Heydərov, həm də Riçard Trautman dünya üzrə də ilin ən yaxşıları seçilmişdilər.