"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilmiş "Səbail"lə səfər oyununa dair fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:


“Süni meydanda oynayacağımıza görə oyunun ağır keçəcəyini bilirdik və komandanı da həftə ərzində buna hazırlamışdıq. Oyuna istədiyimiz kimi başlamasaq da, tədricən ritmə uyğunlaşdıq. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Oyun planında artırmaq üçün potensialımız var. Qarşıdakı oyunlarda daha məzmunlu oynayacağıq. 


Çempionatın sonunu yox, hər həftə keçirəcəyimiz matçı düşünürük. 

Futbolda cavan-yaşlı anlayışı keçmişdə qaldı. İşə yanaşma, istək önəmlidir. Bu gün məşq prosesində gənc və yaşlı dediyimiz futbolçular eyni yükləməni alır. Siz onları həftədə bir dəfə - oyun zamanı görürsüz, biz həftə ərzində birgə calışır, istədiklərimizi alırıq. Heyətimizdə nəticəyə ac futbolçular cəmləşib. Oyunlara düzgün hazırlaşır və yanaşırlar. Ona görə də nəticələrimiz ürəkaçandır. Qazandığımız nəticələr, uğurlu qrafik onların əməyinin nəticəsidir”.