Hidayətin uğurunda kimin payı daha böyükdü?
- 30 İyl 2024 23:57
- 401
Tanınmış idman jurnalisti Sənan Abdullayev öz feysbuk profilində paylaşım edib. O, dünən Paris Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərovun qələbəsi haqda fikirlərini bölüşüb. Abdullayev bu zəfərdə idmançı ilə yanaşı başqa kimlərin payı olduğu barədə yazıb. Paylaşımı olduğu kimi sizə təqdim edirik:
"Rəhmətlik Böyükağa Hacıyev yarızarafat, yarıciddi deyirdi ki, "qələbənin yiyəsi çox olur, məğlubiyyət yetimdir". Dünəndən Hidayətin qələbəsi onun gününə düşüb. Olimpiya çempionluğundan Hidayətin özü bir kənara başda Elnur Məmmədli olmaqla hamıya bir pay çatıb. Amma əsas adamlar kənardadır. Elnur Məmmədlinin Hidayətin çempionluğunda birbaşa rol oynaması danılmazdı. Güləş tərzi bir yana qalsın, xarakterində, özünəəminliyində də 2008-dəki çempiondan bir parça var.
Amma çox sadə suallarım olacaq.
Məmmədli 10 ildən çoxdur federasiyada vitse-prezidentdir və Hidayət də elə o qədər müddətdə millidədir. Bu duet harada idi? Heydərov məcburiyyətdən 81-də "boğulanda" axı Məmmədli yenə də postunda idi. Ancaq tədbirlərdə rəsmi obrazından olimpiya çempionu yetişdirəcək real şəxsə, məğlubedilməz idmançı Elnurdan eyni hədəfli məşqçiyə kim çevirdi? Bəllidir ki, bu, son üç ildə, daha dəqiqi yeni heyət gələndən sonra oldu. Deməli onu real hədəfə inandıran və ya tələb edən olub. İstəyirsiz Hidayət və Elnur yüz il məşq etsin, onların tatamidəki güləşi qədər beynəlxalq əlaqələrdə, hakimlikdə, təşkilati işlərdə "güləş" olmasa qızıl yalnız fövqəlhadisə ola bilər.
Yüzlərlə bir-birindən zəhləsi gedən cüdo adamını bir arada sakit tərzdə çalışdırmağa nail olan, tatamiyə Hidayət - Elnur duetini buraxıb ətrafını "mina"lardan təmizləyən o şəxs və ya şəxslər kimdirsə, onlar da qələbədə ən azı yarıbayarı pay sahibidirlər. Məğlubiyyətlərdə olduğu kimi".