“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Rekord.az xəbər verir ki, paytaxt klubu məşhur futbolçu Keysuke Honda ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı yaponiyalı yarımmüdafiəçi yeni komandasının heyətində “4” nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Keysuke Honda Yaponiyanın “Naqoya Qrampus” (2005-2007), Hollandiyanın “Venlo” (2008-2010), “Vitess” (2019), Rusiyanın ÇSKA (Moskva, 2010-2014), İtaliyanın “Milan” (2014-2017), Meksikanın “Paçuka” (2017-2018), Avstraliyanın “Melburn Viktori” (2018-2019) və Braziliyanın “Botafoqo” (2020) klublarında çıxış edib, Rusiya çempionatının (2013), kubokunun (2011, 2013), Superkubokunun (2013), İtaliya Superkubokunun (2016) qalibi olub, Yaponiyada ilin futbolçusu seçilib (2010).

O, 2008-2018-ci illər ərzində Yaponiya milli komandasında 98 oyuna çıxıb, 37 qol vurub, 2010, 2014 və 2018-ci il dünya çempionatlarında iştirak edib. 2011-ci ildə isə Asiya Kubokunu başı üzərinə qaldırıb.