"Səbail"in baş məşqçisi Cavid Hüseynov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilmiş "Araz-Naxçıvan"lə ev oyununa dair fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:


“Araz-Naçxıvan"ı təbrik edirəm. Oyuna yaxşı hazırlaşsaq da, uduzduq. Komanda olaraq üzülürük. Nələrisə dəyişmək istəyirik, amma hələ ki, alınmır. Hücum xəttində problemlərimiz var. Nə qədər çalışsaq da, düzəldə bilmirik. Səbirli olmalıyıq. Maksimum dərəcədə toparlanmalıyıq, özü də tez bir zamanda. Qış fasiləsinə qədər iki oyun qalıb. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək.


Əlimizdə çox material yoxdur. Heyətimizə baxsaq, zədəlilərimiz də var. O qədər də geniş heyətə sahib deyilik. Gəldiyim gündən komandanı üç oyuna çıxarmışam. Kuboku çıxmaq şərtilə. "Qarabağ"la başabaş mübarizə aparmaq çox çətindir. "Sabah"dan xal alacağımıza çox ümidliydik, amma uduzduq. "Araz-Naxçıvan" bu dəqiqə ən formada olan iki komandadan biridir.


Durum aydındır, durumu bilib gəlmişəm. Futbolçularla da iclaslarda bunun mümkün olduğunu onlara aşılayırıq. Bir qələbə kifayət edər ki, özünəinam qayıtsın. Futbolda özünəinam böyük önəm kəsb edir. Qışa qədər iki oyun qalıb. Rəqiblərimiz də güclüdür. Bunu reallaşdıra bilmirik. İnamımız itməyib”.