"Hücuma çıxırıq, rəqib mənə toxunmasa, niyə yıxılım ki?" MÜSAHİBƏ
- 18 Mar 2024 17:38
- 373
"Kəpəz"in futbolçusu Ehtiram Şahverdiyev "Zirə" ilə oyundan (1:2) sonra Rekord.az-a müsahibə verib:
- "Neftçi"yə qarşı baxımlı oyundan sonra çoxları sizin "Zirə"dən də xal alacağınızı düşünürdü. Buna nə mane oldu?
- Bildiyimiz kimi, "Zirə" yaxşı komandadı, yaxşı formalaşmış heyəti, futbolçuları var. Biz də bu oyuna ciddi hazırlaşmışdıq ki, xal götürək. Amma alınmadı, "Zirə" qalib gəldi, onları da təbrik edirəm.
- Stadion problemi ilə bağlı daha çox səfərlərdə olursunuz. Bu amil komandanızın oyununa nə dərəcədə təsir edir?
- Əlbəttə ki, çətindi, demək olar ki, bütün oyunları səfərdə keçiririk. Ev oyunlarımızı Gəncədə keçirsək daha yaxşı oynayarıq, azarkeş dəstəyimiz daha çox olar. Özünüz də bilirsiniz ki, futbolda azarkeş böyük stimul sayılır. İnd vəziyyət belə gətirib biz də buna uyğun olaraq maksimum çalışırıq ki, xal və xallar qazanaq.
- Böyük ehtimalla bu mövsüm komanda Premyer Liqadakı yeriniz qoruyacaq. Gələn mövsümdən nə gözləmək olar? Ümumiyyətlə, özün qalacaqsan komandada?
- "Kəpəz" mənə doğma komandadı. Baxmayaraq ki, yeni gəlmişəm, amma doğmalaşıb mənim üçün. Düzdür, müqaviləm yayda bitir və hələ ki, yeni təklif olmayıb. Təklif olsa, düşünərəm.
- Oyunda bir epizod oldu, rəqib arxadan sürüşmə fəndi elədi və gözləmək olar ki, hakim ikinci sarı vərəqədən rəqibi qovacaq. Amma bu, baş vermədi. Özün həmin epizodu necə dəyərləndirərdin?
- O epizodda üstünlük məndə idi, hücuma çıxırdıq. Rəqib mənə toxunmasa, niyə yıxılım ki? Dabvanıma toxunuş oldu və mən də yıxıldım. Amma hakimlər buna göz yumdu. İnsandı onlar da səhv edə bilər, onlara da uğurlar arzulayıram. Ancaq toxunuş var idi.
Anar XANLAROV