Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban avrokubokda növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi Rumıniyanın "CSM Lugoj" klubu "Challenge Cup"ın 1/4 final mərhələsində mübarizəyə başlayıb. 

Voleybolçumuzun komandasının bu mərhələdəki rəqibi Belçikanın "Asterix Avo Beveren" klubudur. Cütün Belçikada baş tutan ilk görüşü gərginliyi ilə yadda qalıb. Növbə ilə hərəyə iki set qazanan tərəflər matçın taleyini tay-brekə daşıyıblar. Həlledici hissədə daha dəqiq oynayan Liza və rəfiqələri meydandan 3:2 (26:24, 19:25, 25:21, 16:25, 15:12) qələbə ilə ayrılıblar. 

Rumıniya təmsilçisinin gərgin mübarizədən qalib ayrıldığı görüşdə yığmamızın üzvü möhtəşəm oyunla yadda qalıb. Ruban meydan sahiblərini 24 dəfə məyus etməklə qarşılaşmada hamıdan çox fərqlənib və komandasının qələbəsində əsas pay sahibi olub. Voleybolçumuz bu xallarda 23-nü hücumda, 1-ni isə blokda qazanıb.

Qeyd edək ki, bu qələbə ilə "CSM Lugoj" növbəti mərhələ şansını artırıb. Hücumçumuzun komandası fevralın 8-də baş tutacaq cavab matçında istənilən hesablı qələbə qazanacağı təqdirdə adını yarımfinala yazdıracaq.