Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Yelizaveta Ruban və Olena Xarçenko avrokubokda mərhələ adlayıblar. "Rekord.az" xəbər verir ki, voleybolçularımızın formasını geyindikləri Rumıniyanın "Alba Blaj" klubu CEV Voleybol kubokunda 1/8 finala yüksəlib. 

Rumıniya təmsilçisi 1/16 finalda Şimali Makedoniyanın "Rabotnicki Skopje" klubu ilə qarşılaşıb. Görüş voleybolçularımızın komandasının tam üstünlüyü ilə keçib. "Alba Blaj" heç bir çətinlik çəkmədiyi görüşdə quru hesablı qələbəyə sevinib - 3:0 (25:14, 25:11, 25:11).

Bu oyunda hücumçumuz Ruban meydana çıxmayıb. Blokçumuz Xarçenko isə 15 xal qazanıb. O, rəqibi 10 dəfə hücumda, 4 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.

Qeyd edək ki, "Alba Blaj" 1/8 finalda Çexiyanın "VK Prostejov" komandası ilə qarşılaşacaq.