Hücumçumuz çox çalışsa da, komandası qələbə qazana bilmədi
- 22 Fev 2021 11:31
- 925
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi Belarusun "Minçanka" klubu 24-cü turda "Uraloçka" ilə üz-üzə gəlib.
Yekaterinburqda baş tutan görüş Belarus təmsilçisi üçün yaxşı başlayıb və komanda ilk setdən qalib ayrılıb. Lakin Minsk klubunun bundan artığına gücü çatmayıb və ardıcıl 3 hissəni uduzub. 4 set davam etmiş matçda Rita və rəfiqələri 1:3 (25:19, 23:25, 15:25, 16:25) hesabı ilə məğlub olublar.
Komandasının xalsız qaldığı qarşılaşmada yığmamızın üzvü 20 dəfə fərqlənib. Hücumçumuz bu göstərici ilə komandasının heyətində ən məhsuldar oyunçu olub. O, meydan sahiblərini 17 dəfə hücumda, 2 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.