Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "CSM Lugoj" 19-cu tur çərçivəsində "CSM Targoviste" klubu ilə üz-üzə gəlib.

Görüş gərginliyi ilə yadda qalıb. Komandalar hərəyə iki set qazanmaqla matçın taleyini tay-brekə daşıyıblar. Həlledici hissədə isə Liza və rəfiqələri daha yaxşı oynayıblar və 3:2 (15:25, 25:23, 23:25, 25:17, 15:10) hesablı qələbəni bayram ediblər.

Komandasının növbəti xallarını aktivinə yazdırdığı görüşdə yığmamızın üzvü 21 xal qazanmaqla komandasının iki ən məhsuldar oyunçusundan biri olub. Ruban qonaqları 18 dəfə hücumda, 2 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.
 
Bu qələbə ilə "CSM Lugoj" xallarının sayını 42 çatdırıb və 5-ci pillədəki yerini möhkəmləndirib.

Qeyd edək ki, "CSM Lugoj" avrokubokda da uğurlu çıxışını davam etdirir. "Challenge Cup"da mübarizə aparan komanda finala yüksəlib. Rumıniya təmsilçisi kubok uğrunda İtaliyanın "Reale Mutua Fenera Chieri" klubuna qarşı oynayacaq. Finalın ilk qarşılaşması martın 15-də, cavab matçı isə ayın 22-də baş tutacaq.