Azərbaycanın qadın voleybolçulardan ibarət millisi qitə birinciliyinin seçmə mərhələsində növbəti görüşünü keçirib. "Rekord.az" xəbər verir ki, komandamız qrupdakı ikinci qarşılaşmasında Gürcüstanı sınağa çəkib.

İlk oyunda olduğu kimi bu dəfə də voleybolçularımız rəqibdən üstün olublar. Beləliklə, yığmamız səfər görüşündən 3 xalla qayıdır.

Komandamızın çətinlik çəkmədən qələbə qazandığı matçda ən məhsuldar oyunçumuz Yelizaveta Ruban olub. Hücumçumuz meydan sahiblərini 14 dəfə məyus edib. Liza bu xallardan 11-ni hücumda, 2-ni eysdə, 1-ni isə blokda əldə edib.

Millimizin heyətində Odina Əliyeva 11, Marqarita Stepanenko 10, Olena Xarçenko 9, Ayşən Abduləzimova 7, Şəfaqət Alışanova 3, Nikalina Başnakova 1, Aynur İmanova 1 dəfə fərqləniblər.