Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Szent Benedek" 11-ci tur çərçivəsində "KNRC" klubu ilə üz-üzə gəlib. 

Rəqib meydanında baş tutan görüş voleybolçumuzun komandası üçün uğurlu alınıb. İlk setdən təşəbbüsü ələ alan Nikalina və rəfiqələri meydan sahiblərinin ciddi müqavimətinə baxmayaraq, onlara heç bir hissədə sevinmək şansı verməyiblər. 3 set davam edən matçda "Szent Benedek" quru hesablı qələbəni bayram edib - 3:0 (25:22, 27:25, 25:22). 

Komandasının növbəti xallarını qazandığı qarşılaşmada yığmamızın üzvü 13 dəfə fərqlənməklə qələbədə mühüm pay sahibi olub. Başnakova bu xallardan 9-nu hücumda, 1-ni blokda, 3-nü isə eyslə qazanıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 18-ə çatdıran "Szent Benedek" turnir cədvəlində 3-cü pillədəki yerini qoruyur.