Hücumçumuz oyunun ən yaxşısı olsa da, komandası qələbə qazana bilmədi
- 05 Noy 2019 09:31
- 982
Türkiyədə çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yekaterina Jidkova növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Nilufer BLD" Sultanlar Liqasının 6-cı turunda "Atlasglobal Yeşilyurt" klubu ilə üz-üzə gəlib.
Görüş gərginliyi ilə yadda qalıb. Səfərdə baş tutan matçda Katerina və rəfiqələri çox çalışsalar da qələbəni son anda əldən veriblər. İlk iki setdə uduzan voleybolçumzun komandası geridönüş edə bilib və ardıcıl iki hissəni qalib başa vuraraq görüşün taleyini tay-brekə daşıyıb. Həlledici setdə isə daha dəqiq oynayan meydan sahibi yekunda qələbəni bayram edib. 5 hissə davam etmiş oyunda "Nilufer BLD" 2:3 (12:25, 22:25, 28:26, 25:18, 5:15) hesabı ilə uduzub.
Komandasının bir xal qazandığı görüşdə yığmamızın üzvü 20 dəfə fərqlənib. Bu göstərici ilə o, qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Jidkova bu xallardan 16-nı hücumda, 2-ni blokda, 2-ni isə eyslə qazanıb.