Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlğı davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamız hazırda Bosniya və Herseqovinada təlim-məşq toplanışı keçir. 

Yığmamızın üzvü Yelizaveta Ruban hazırlıq prosesi və yarış haqqında fikirlərini bölüşüb. Hücumçumuzun açıqlamasını təqdim edirik:  

"Mən və Olena Xarçenko ailəvi məsələlərə görə komandaya ən son qoşulduq. Bununla belə, biz hər gün məşqçilərin təyin etdiyi qrafik üzrə hazırlığımızı davam etdirirdik. Bakıya gələndən sonra bir həftə komandayla məşq etdik, komandanın rejiminə uyğun formamızı yığdıq. Hazırda Bosniya və Herseqovinadayıq. Burada yoldaşlıq oyunları keçiririk. Bu oyunlar bizə imkan verəcək ki, komanda olaraq bir-birimizə tam uyğunlaşa bilək. Çünki demək olar ki, bir il biz birlikdə oynamırıq, hərə öz klubunda çıxış edib. Belə oyunların olması vacibdir ki, biz birgə oyunu hiss edək, meydanda bir-birimizlə yaxşı anlaşa bilək. Komandada vəziyyət yaxşıdır. Yeni məşqçimizə alışırıq, onun bizdən, bizimsə ondan nə istədiyimizi anlayırıq.

Daha sonra Bakıya qayıdacağıq və yenə yoldaşlıq oyunları keçirəcəyik. Avropa çempionatı öncəsi belə hazırlıq oyunlarının çox olması vacibdir. İlkin məqsədimiz qrupdan çıxmaqdır. Hər bir oyunçu nə üçün burada olduğunu yaxşı anlayır, biz tam formamıza düşsək, bu vəzifənin öhdəsindən gələ biləcəyik. Ümid edirəm ki, biz qrupdan çıxacağıq. Avropa çempionatının qalibi kimi isə mən Serbiya və İtaliya komandalarını görürəm.

Səhhətimlə bağlı hər şey yaxşıdır. Şükürlər olsun heç bir zədəm yoxdur. Aktiv şəkildə məşqlərə davam edirəm.

Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Azarkeşlərə demək istəyirəm ki, bizi tək qoymasınlar, dəstəkləməkdə davam etsinlər. Biz yarışda daha yaxşı çıxış etmək, uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".