Hücumçumuz Rusiya çempionatında ilk qələbəsini qazanıb
- 28 Okt 2019 15:10
- 998
Rusiyada qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bu ölkədə çıxış edən Azərbaycan millisinin üzvü Yelizaveta Səmədovanın şərəfini qoruduğu "Leninqradka" 3-cü turda Krasnodar "Dinamo"su ilə qarşılaşıb.
Sankt-Peterburqda baş tutan görüş kifayət qədər gərgin alınıb. Oyuna yaxşı başlayan Liza və rəfiqələri ilk seti qalib başa vurublar. Lakin ruhdan düşməyən qonaq komanda hesabı bərabərləşdirə bilib. Bundan sonra tərəflər hərəyə bir set qazanıblar və matçın taleyinə tay-brekdə aydınlıq gəlib. Həlledici hissə də isə meydan sahibləri daha yaxşı oynayıblar və 3:2 (25:23, 26:28, 22:25, 25:16, 15:10) hesablı qələbəni bayram ediblər.
"Leninqradka"nın birincilikdəki ilk qələbəsində yığmamızın üzvünün böyük payı var. Hücumçumuz gərgin keçən matçda 17 xal qazanıb. Səmədova qonaqları 15 dəfə hücumda, 1 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.