"Araz Saatlı" İdman Klubunun prezidenti Ədalət Abdullayev və klubun baş məşqçisi Şəhriyar Məmmədov Saatlı rayonunun Sımadakənd və Soltanabad kəndlərində sadə kənd sakinləri ilə görüşüblər.

Rekord.az xəbər verir ki, əcdadları Stalin repressiyasının və sürgün qurbanları olan, Azərbaycanın bu bərəkətli torpaqlarına pənah gətirən Axısqa türklərinin kompakt yaşadığı Sımadakənddəki zəhmətkeş insanların, futbolsevərlərin böyük marağına səbəb olan görüş səmimi abu-havada keçib.

Saatlı rayonu tarixində bir ilkə imza ataraq ölkənin peşəkar liqasında rayonu təmsil etmək şərəfinə layiq olan klubun məqsədləri, hədəf və gələcək planları ilə bağlı kənd sakinlərinə geniş məlumat verilib. Sadə insanların dəstəyinin klubun gələcək taleyində həlledici rola malik olduğu orda olanların diqqətinə çatdırılıb. Klub rəsmiləri kənd sakinlərini stadiona - ev oyunları zamanı komandanı dəstəkləməyə dəvət ediblər. Sonda kəndin futbolsevərləri öz arzu və təkliflərini dilə gətirib, daim komandanın yanında olacaqlarına, böyük amallar uğrunda dəstəklərini əsirgəməyəcəklərinə söz veriblər.

Sonra bir qrup Soltanabad sakini ilə çay süfrəsi arxasında görüşən klub rəsmiləri bu kəndin sakinlərini də tarixi hadisə haqqında məlumatlandırıb, onlardan ev oyunlarında stadiona təşrif buyurmalarını və klubun sosial şəbəkə hesablarında aktiv olmalarını xahiş ediblər. Sağlam gələcəyin formalaşması və istedadlı gənclərin üzə çıxması prosesində klubun daim yanında olacaqlarını söyləyən Soltanabad gəncləri üzərilərinə düşən məsuliyyəti dərindən dərk etdiklərini bildiriblər.

Qeyd edək ki, bu görüşlər rayonun digər kəndlərində də reallaşacaq.