I Divizion dünyanın hər yerində peşəkar statuslu liqa sayılır. Təəssüf ki, bizdə bu liqa peşəkar statusunu çoxdan itirib. Yanılmıramsa, idman prinsipləri ilə Idiviziondan  yüksək liqaya komanda sonuncu dəfə 2008-ci ildə, Elxan Məmmədov AFFA-ya baş katib gəldiyi il gəlmişdi. “Standard” I Divizonun qalibi kimi elitaya vəsiqə qazanmışdı. O gündən bu günə AFFA idman prinsiplərinə tüpürüb. “Sumqayıt”, “Kəpəz”, “Zirə”, “Sabah” kimi komandalar aşağıdan yuxarı gəlsələr də, bunların heç biri idman prinsipləri ilə olmayıb. Sadəcə, AFFA belə istədiyi üçün 11-ci, 8-ci, 7-ci, 5-ci pillədə qərarlaşan komandalar Premyer Liqaya gətirilib. Son illər isə, ümumiyyətlə, aşağıdan yuxarı gələn yoxdur. Federasiya illərdi komanda sayının artacağını deyərək, Divizion, xüsusilə Gəncə və Tovuz azarkeşlərinə ümid versə də dəyişən heç nə yoxdur.  Əslində dəyişən nəyinsə olması da real deyil. Çünki hazırda I Divizionda çıxış edən bütün komandalar AFFA-dan maliyyələşir. Yəni bütün komandalara SOCAR baxır. Müstəqil komandaların ayağı Azərbaycan futbolundan çoxdan kəsilib. Federasiya hər dəfə yalandan lisenziyalaşdırma, maliyyə təminatı məsələsini ortaya atır. Çox gülməlidir ki, bütün klublara AFFA özü baxırsa, lisenziyalaşdırma şərtlərinə əməl olunmamasına görə klubları hansı məntiqlə qınayır? Deyir ki, “Turan Tovuz” maliyyə zəmanəti verə bilmir. “Turan Tovuz”a maliyyə ayıran, sponsorluq edən AFFA deyil? İl boyu bu zəmanəti həll edə bilmir? Tovuz klubu onsuz da bu zəmanəti sponsor olaraq AFFA-dan almalıdır. AFFA özü bu zəmanəti vermirsə, hansı məntiqlə “klubun bank zəmanəti yoxdur, elitaya buraxa bilmərik” iddiasını səsləndirir?

 

Ümumiyyətlə, bu şərtlər altında I Divizionun keçirilməsi heç bir məna kəsb etmir. Məna yox, məntiq yox. Bu mövsüm bitdi. Daha doğrusu, yarımçıq dayandırıldı. Yeni mövsümdə yenə eyni şey olmayacaq? Eyni şey olacaq da. Boş yerə dövlətin bu qədər vəsaitini niyə havaya sovurursunuz?  Komanda olmadığı üçün Premyer Liqa klublarının əvəzedici komandalarını da qatıblar diviziona. Axı nə vacibdir? Dağıt da bu liqanı. Bir “Region Liqası” saxla olsun bitsin. Guya hazırkı I Divizionla “Region Liqası”nın fərqi var? Əksinə, “Region Liqası”nda elə komandalar var ki, I Divizionun bütün komandalarından daha güclü görünür. Məntiqlə divizion həvəskar liqadan seçilmirsə, qat elə həvəskarların içinə orda oynasınlar. Nə vaxtsa kimisə Premyer Liqaya gətirib sayı artırmaq istəsən “Region Liqası”ndan götür gətir də guya buna görə kimdi sənə nə isə deyən. Onsuz ürəyiniz istəyəndə kimi hansı liqadan, hansı pillədən oldu dartıb elitaya gətirirsiniz. Bir dəfə həmkarlarımdan biri ilə mövzu ilə bağlı söhbət eliyəndə dedi ki, I Divizion ləğv olunsa UEFA AFFA-nı sorğulayacaq ki, necə çempionat keçirirsən ki, I Divizionun yoxdur. Dedim narahat olma, UEFA sorğulayan olsa çoxdan sorğulayar ki, necə çempionat keçirirsən, illərdi diviziondan Premyer Liqaya komanda gəlmir. Yenə deyirəm, bu formada I Divizionun heç kimə faydası yoxdur, baş aldadırılq və bir də bəzi dəllarlar ortada pul silir. Belə divizionun olmasındansa, olmaması daha məntiqlidir.

 

Anar XANLAROV