Martdan koronovirus yayılması səbəbindən məcburi istirahətə yollanan birinci divizion komandaları mayın 21-də yenidən yaşıl meydanlara dönəcəklər. Rekord.az xəbər verir ki, PFL-in qərarına əsasən aşağı dəstədə çempionat məhz həmin gün bərpa olunacaq. Ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mayın 4-də başa çatacağını nəzərə alsaq, ikiaylıq fasilədən sonra divizon təmsilçilərinin ixtiyarında hazırlıq üçün cəmi 15 günün olduğunu görə bilərik. Bəs bu müddət futbolçuların optimal formaya düşməsi üçün bəs edəcək? Uzun fasilədən sonra komandalar iki həftəyə toparlana biləcəklərmi? Birinci divizionda mübarizə aparan komandaların baş məşqçiləri yaranmış durumla bağlı bunları söylədilər.


Yaşar Vahabzadə (“Kəpəz”in baş məşqçisi): “PFL-in qəbul etdiyi qərarla tanışam. Mayın 4-də karantin rejimi aradan qaldırılacağı halda, 21-də artıq aşağı dəstədə komandalar çempionat oyununa çıxacaqlar. Əvvəlcə onu deyim ki, şərtlər bütün komandalar üçün eynidi. Yəni geridə qalan iki ayda hamı evdə qalıb. Hansısa kollektiv məşq etməyib ki, deyəsən, onlar bizdən daha hazırlıqlı olacaqlar. İndi hər şey futbolçuların evdə olduqları müddətdə necə məşq etmələrindən asılıdı. Az da olsa, qapalı məkanda fərdi şəkildə müəyyən qədər gücün artırılmasına hesablanmış məşqlər ediblər. Çox ləngiməsək, mayın 5-i və ya 6-sı hazırlığa başlasaq, 20-nə kimi oyunçuların fiziki durumunu normal vəziyyətə gətirmək mümkündü. Ancaq istənilən halda oyun praktikası sarıdan əziyyət çəkəcəklər. İki aydı futbolçular buna həsrət qalıblar. Bu çatışmazlığa aradan qaldırmaq üçün isə minimum2-3 oyun gözləməliyik”.


Zaur Hidayətov (“Sumqayıt-2”nin baş məşqçisi): “Uzun fasilədən sonra 15 günə komandanı çempionata hazırlamaq çox çətindi. 15 günün 8 və ya 9-u hazırlığa ayrılacaq. Onun bir günü də yüklənmədən sonra istirahətə ayrılacaq. İstirahət mütləq lazımdı. Qalan 6 gün isə oyun həftəsinə təsadüf edəcək. Həmin aralıqda futbolçuları yükləmək düzgün deyil. Maksimum 3 məşqi fiziki hazırlığa həsr edə bilərsən. Oyunöncəsi məşqin də yüngül olduğunu nəzərə alsaq, 15 günə komandanı tam hazır vəziyyətə gətirmək çox çətindi. Komanda 60-70 faiz hazır ola bilər. Fikrimcə, heç kim deyə bilməz ki, qısa müddətdə mən komandanı 21-nə qədər 100 faiz hazır edəcəm. Dünən saytların birində adını unutduğum futbolçulardan birinin açıqlamasını oxudum. Orda deyib ki, istər qış, istərsə də yayda təlim-məşq toplanışımız onsuz da 15 gün olur. Buna baxmayaraq, çempionata hazır oluruq. İndi də belə olacaq. Həmin futbolçu onu nəzərə almır ki, Antalyaya yollanmamış komanda toplanışın birinci mərhələsində təxminən 12-13 gün fiziki yükləmələr alır, ağır məşqlər keçir. İkihəftəlik Antalya toplanışında artıq texniki-taktiki yöndə hazırlaşırlar, yoxlama görüşlərində oyun təcrübəsi qazanırlar. İndi bizdə belə imkan yoxdu. Məşqlər başlayan kimi futbolçu hazır oldu-olmadı yükləmə alacaq”.


Rüstəm Məmmədov (“Zaqatala”nın baş məşqçisi): “Təbii ki, iki həftəyə komandanı çempionata hazır etmək çətin olacaq. Ancaq istəsək də, istəməsək də, bununla barışmalıyıq. Karantin rejimi aradan götürüləcəyi halda mayın 5-dən məşqlərə başlayacağıq. Ancaq bizim bir problemimiz var ki, bəzi oyunçularımız başqa rayonlarda yaşayırlar. Hələ bilinmir ki, rayonlararası gediş-gəlişə hansı tarixdən icazə veriləcək. Yerli uşaqlar isə əvvəlcədən tərtib olunan plana əsasən ilk gündən hazırlıqğa qoşulacaqlar”.


İlham Yadullayev (“Turan Tovuz”un baş məşqçisi): “İkiaylıq fasilədən sonra iki həftəyə komandanı hazır vəziyyətə gətirmək heç də asan deyil. Ancaq biz də bekar dayanmamışdıq, məşq edirdik. Karantinə çıxandan 15 gün sonra gündə iki dəfə onlayn məşq keçirdik. Komanda üzvlərinin əksəriyyəti rayonda həyət evlərində yaşadıqlarından qaçmağa imkanları var idi. Mənə elə gəlir əzələləri o qədər də tutulmayıb. Dözümlülük üzərində çalışıb, futbolçulara oyun praktikası qazandırmaq lazımdı. Təxmini plan hazırlamışam və orda iki yoxlama görüşü nəzərdə tutulub. Yəqin rəqiblərdən biri “Kəpəz”, digəri isə “Göyəzən” olar. Çempionatın bərpa olunması yaxşı oldu. Hazırda turnir cədvəlində liderik və istəyirik ki, mövsümü çempion kimi başa vuraq”. ("Futbol plus")