Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatının I Liqasında yarımfinal oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün AVF-nin idman zalında təşkil olunan yarımfinal çərçivəsində "Azərreyl-2" - "Murov-2" və "Xarı bülbül" - "Ryuqa" cütləri mübarizə aparıblar.

 İlk olaraq meydana "Azərreyl-2" və "Murov-2" klubları çıxıblar. Matça daha yaxşı başlayan "Azərreyl-2" 25:22 hesablı qələbə ilə birinci seti aktivinə yazdırıb. Növbəti hissədə isə 25:17 hesabı ilə qalib gələn "Murov-2" ümumi hesabı bərabərləşdirib. Lakin "Azərreyl" üstünlüyü yenidən ələ alaraq sonrakı setlərdə 25:17 və 26:24 hesabları ilə qələbə qazanıb. Beləliklə, qarşılaşmada 3:1 hesabı ilə qalib gələn "Azərreyl-2" finala vəsiqəni təmin edib.

Yarımfinalın digər oyununda "Xarı bülbül" və "Ryuqa" kollektivləri üz-üzə gəliblər. Bu görüşə "Ryuqa" daha yaxşı başlayıb və ilk hissədə 25:11 hesabı ilə qələbə qazanıb. Lakin bundan sonra təşəbbüsü ələ alan "Xarı bülbül" sonrakı setləri 25:18, 25:21 və 25:21 hesabları ilə qalib başa vurub. “Ryuqa”nı 3:1 hesabı ilə məğlub edən “Xarı bülbül” finala yüksəlib.

Beləliklə, I Liqanın finalında "Azərreyl-2" və "Xarı bülbül", üçüncülük uğrunda isə "Murov-2" və "Ryuqa" komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, final və bürünc medal uğrunda görüşlərin keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcək.

Azərbaycan çempionatı 
I Liqa (qadınlar)
   "Azərreyl-2" - "Murov-2" 3:1 (25:22, 17:25, 25:17, 26:24)
   "Xarı bülbül" - "Ryuqa" 3:1 (11:25, 25:18, 25:21, 25:21)