I Liqada peyda olan afrikalılar hansı yolla ölkəmizə gəlib?
- 11 Dek 2023 15:00
- 611
Cari mövsüm I Liqa komandalarının heyətində legioner futbolçuların yer alması diqqət çəkir.
Rekord.az xəbər verir ki, diqqət çəkən əsas məsələ bütün futbolçuların Afrika qitəsini təmsil etməsidir.
Bu fakt isə istər-istəməz maraq doğurur. Necə oldu ki, bütün I Liqa təmsilçiləri Afrikaya üz tutdu? Bu, təsadüfdü, ya necə? Qısa araşdırma zamanı bəzi maraqlı məqamlar üzə çıxdı. Məlum oldu ki, heç kim heç yerə üz tutmayıb. Bütün futbolçular özləri bizim ölkəyə üz tutub və I Liqa klublarına təklif olunub. Xatirinizdədirsə, hələ bir müddət bundan əvvəl bir qrup afrikalı futbolçu komanda şəklində ölkəmizə təşrif buyurmuş, burada məskunlaşaraq, məşq edərək Premyer Liqa klublarının əvəzedici və U-19 komandalarıl ilə yoldaşlıq görüşləri keçirməyə başlamışdılar. Maraqlıdır ki, hazırda I Liqada sayı günbəgün artan afrikalı legionerlər məhz həmin xətlə ölkəmizə gələnlərdi. Onlar daha çox I Liqa komandalarımıza təklif olunur və o qədər də yüksək olmayan maaşa oynayırlar. Əsas hədəfləri ilk növbədə özlərini təmin etmək, bacardıqca daha güclü komandalara transfer şansı əldə etməkdi. Bu futbolçular "Pelican Sportive Agency" şirkətinə məxsusdur, onların ölkəmizə gəlişini məhz bu şirkət təşkil edir. Kollektiv şəkildə Azərbaycana gələn təxminən 35-40 nəfərlik futbolçu "CampProfi Baku" adlı düşərgədə məşq edir, gündəlik 3 dəfə yeməklə təmin olunur. Onların bütün viza-sənəd məsələlərini də "Pelican Sportive Agency" təşkil edir. Futbolçuların transfer hüquqları da bu şirkətə məxsusdur və onlara klub tapılmasını da sözügedən şirkən təmin edir. Haqqında bəhs edilən şirkətin xətti ilə Bakıya gələn afrikalılar hazırda "Karvan", "İmişli", "Difai Ağsu", Zaqatala", Araz Saatlı" kimi komandalarda forma geyinir.