Voleybolçular kişilər arasında Azərbaycan I liqasında pley-off mərhələsinin oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, günün ilk matçı “Murov-2” və “Azərbaycan Ali Hərbi Məktəb” komandaları arasında olub.

Tay-brekə kimi davam edən matçın ilk hissəsində 25:21 hesabı ilə “Azərbaycan Ali Hərbi Məktəb” komandası qalib gəlib. Növbəti ikinci və üçüncü setlərdə isə toparlanan “Murov-2” 25:17 və 25:18 hesabı ilə qalib gələrək ümumi hesabda önə keçib - 2:1. Matçın dördüncü və həlledici setində “Azərbaycan Ali Hərbi Məktəb” daha səhvsiz oynayaraq 26:24 və 15:10 hesabı ilə qalib gəlib və görüşün hesabını rəsmiləşdirib - 3:2.

Növbəti yarım final matçında “Təhsil” “Masallı” ilə qarşılaşıb. Bu görüşdə qalib üç hissədə müəyyən olunub. Rəqibini hər üç setdə 25:19, 25:23, 26:24 məğlub edən “Təhsil” finala vəsiqə qazanıb.

Beləliklə, birinci yer uğrunda “Azərbaycan Ali Hərbi Məktəb” və “Təhsil”, 3-cü yer uğrunda isə “Murov-2”la “Masallı” münasibətlərinə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, final matçları aprelin 10-da təşkil oluncaq.

Yarım final

   “Murov-2” – Azərbaycan Ali Hərbi Məktəbi - 2:3 (21:25, 25:17, 25:18, 24:26, 10:15)

   “Təhsil” – “Masallı” - 3:0 (25:19, 25:23, 26:24)