Kişi voleybolçular arasında Azərbaycan I liqasına yekun vurulub. "Rekord.az" xəbər verir ki, həlledici görüşlərdə öncə bürünc medalçının adına aydınlıq gəlib.

Üçüncü yer uğrunda görüşdə “Murov-2” və “Masallı" üz-üzə gəlib. Matç gənclərdən ibarət birincilərin üstünlüyü ilə başlayıb. İlk setdə 25:21 ilə qalib gələn “Murov-2” ikinci hissədə 20:25 hesabı ilə məğlub olub. Gənclər üçüncü seti 25:22 hesabı ilə qalib gəlsə də, dördüncü hissədə yenidən" Masallı" status-kvonu bərpa edib - 25:20. Gərgin mübarizə şəraitində keçən görüşün qalibi tay-brekdə müəyyən olunub. Sonuncu setdə daha az səhv edən “Murov-2” hissəni 18:16 hesabı ilə qazanaraq matçın qalibi olub - 3:2.

“Murov” voleybol klubunun idman zalında təşkil olunan finalda isə “Azərbaycan Ali Hərbi Məktəb” “Təhsil”lə qarşılaşıb. Qızıl medal uğrunda gedən mübarizənin də qalibi tay-brekdə müəyyən olunub.

İlk hissədə 25:23 hesabı ilə qələbə qazanan “Təhsil” sonrakı iki setdə 23:25 və 21:25 hesabı ilə məğlub olub. Məğlubiyyətlə barışmayan “Təhsil” dördüncü seti 25:19 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib -2:2 və ardınca tay-breki 15:11 hesabı ilə qazanaraq görüşün qalibi olub.

Beləliklə, “Təhsil” l liqanın çempionu adını qazanıb. “Azərbaycan Ali Hərbi Məktəb” gümüş medalın sahibi, “Murov-2” isə çempionatın bürünc mükafatçısı olub. Komandaların mükafatlandırma mərasimi Super və Yüksək Liqa yarışlarının qalibləri ilə eyni vaxtda olacaq.

Qeyd edək ki, birincilikdə 10 klub “Həvəskarlar”, “Murov”, “Əlincə”, “Veteranlar”, “Ryuqa”, “Aura”, Taleh – A.T”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Təhsil”, “Masallı” mübarizə aparıb. Komandalar 2 qrupda 2 dövrədən ibarət olmaqla mübarizə aparıb. Ardınca I Liqanın pley-off mərhələsi keçirilib.

10 aprel

Bürünc mükafat uğrunda

   “Murov-2” - “Masallı” 3:2 (25:21, 20:25, 25:22, 20:25, 18:16)

Final

   “Azərbaycan Ali Hərbi Məktəbi” - “Təhsil” 2:3 (23:25, 25:23, 25:21,19:25, 11:15)