İbrahim Əliyev Uqandada iki medal qazandı
- 10 İyl 2023 22:15
- 343
Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Uqandanın paytaxtı Kampalada keçirilən "Uganda Para Badminton International 2023" turnirində kişilərin qoşa yarışında gümüş, şəxsi kateqoriyada isə bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, yığma üzvü "Level 3" seriyalı turnirdə şəxsi mübarizədə qrup mərhələsini mütləq nəticə (2 qələbə) ilə başa vuraraq pley-offa yüksəlib.
A qrupunda yarışan idmançı yerli Sabasi Kunya (21-8,21-5) və hindistanlı Ravi Pala (21-17,22-20) qalib gəlib. Yarımfinalda digər Hindistan təmsilçisi Vanş Upadhyayla qarşılaşan parabadmintonçu 3 set davam edən gərgin qarşılaşmada rəqibinə 1:2 (12-21,21-19,14-21) hesabı ilə uduzaraq bürünc medala sahib çıxıb.
Kişi parabadmintonçuların qoşa kateqoriyasında hindistanlı Dev Rathi ilə birgə mübarizə aparan Əliyev qrupda İspaniya, Uqanda və Hindistanı təmsil edən rəqiblərinə qalib gələrək pley-offa adlayıb. Yarmfinalda Misir parabadmintonçularını mübarizədən kənarlaşdıran İbrahim Əliyev - Dev Rathi tandemi 3 set davam edən final qarşılaşmasında Ravi Pal - Vanş Upadhyay (Hindistan) cütünə 1:2 (21-23,21-10,17-21) hesabı ilə məğlub olaraq gümüş medala layiq görülüb.
Xatırladaq ki, İbrahim Əliyev ötən il də qeyd olunan turnirdə şəxsi yarışda bürünc medal qazanmışdı.