Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov beynəlxalq yarışlarda yüksək nəticə qazanmış cəlilabadlı idmançı Xəyal Caniyevlə görüşüb.

Rekord.az xəbər verir ki, Rafiq Cəlilov görüşdə ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində böyük inkişafa nail olunduğunu diqqətə çatdırıb, bu sahədə görülən işləri sadalayıb.

Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını söyləyən icra başçısı bildirib ki, idmançılarımızın Dünya, Avropa birinciliklərində, Olimpiya Oyunlarında, habelə beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələr məhz bu əvəzsiz qayğının parlaq nəticələridir.

Qazandığı qələbələr münasibətilə idmançını təbrik edən icra başçısı ona qarşıdakı yarışlarda yeni-yeni nailiyyətlər arzulayıb. Sonda icra başçısı Xəyal Caniyevi idmanda göstərdiyi yüksək nailiyyətlərə görə təltif edib.

Xəyal Canıyev ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Caniyev Xəyal Soltanağa oğlu 12 oktyabr 1993-cü ildə Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub. Xəyal Caniyev dünyanın ən güclü döyüşçülərindən sayılır. Belə ki, Azərbaycanlı idmançı peşəkar səviyyədə 50 döyüşdən 46-da qələbə qazanıb (16 KO/ TKO). 3 qat dünya çempionu, 3 qat Avropa çempionu, 4 qat Rusiya çempionu, Muay Tay və K-1 idman növü üzrə dəfələrcə Dünya çempionu olub. (Xalk ləqəbli) Əfsanəvi idmançımız Xəyal Caniyev Dünyanın ən güclüsü olan Buakawa-Pramuk’a Tay-boks döyüşündə postsovet məkanından qalib gələn yeganə döyüşçüdür.