İctimai nəzarət
- 05 Noy 2019 13:00
- 1091
Son günlər, həftələr bu mövzuda çox danışılır, üst səviyyədə fikirlər səsləndirilir. Tv-məkanda, mediada qaldırılan məsələlərə, edilən tənqidlərə diqqət artırılır...
Məmurlar dövlətlə xalq arasında bir körpüdür, belə olmalıdır. Əslində isə vəzifədə olanlar illərdi "boğma əməliyyatını" həyata keçirirlər. Körpü uçuruma çevrilir, qarşıdurmalar yaradılır...
"Futbol saatı" 10 il idi futbolda olan problemləri çəkinmədən qabardır, futbol təsərüffatında yaradılan şəraitə uyğun inkişafın istənilən səviyyədə olmadığı müzakirə edilirdi...
Futbol vəzifələrində olanların əksəriyyətinə obyektiv baxış, yanaşma sərf etmir. Bu illər ərzində üzə çıxmasa, ictimailəşməsə də çox məmur təzyiqləri, özbaşınalıqları olub...
"Futbol saatı" proqramını ərsəyə gətirənlər, onlara dəstək verənlər çox fədakarlıqlar ediblər...
Futbol məmurlarına belə verilişlər sərf etmir. Olsaydı, indi ən azından Tacikistan U-17-nin Braziliyada keçirilən dünya çempionatındakı çıxışı, yaş qrupları üzrə yığmalarımızla müqayisəsi aparılardı...
Tacikistan da Almaniya deyil ki?! Futbol zirzəmisində baş girləyən, tarix boyu heç Azərbaycan futboluna yaxın düşə bilməyən kasıb bir ölkədir. Heç futbolçu da milliləşdirmirlər, "dahi" lippertləri də bəsləmirlər...
2005-ci ildə dövlət proqramı qəbul ediləndə indiki 17 yaşlılar iməyləyirdilər, təzə yeriməyi öyrənirdilər, elə taciklər kimi... İndi onlar Braziliyada Argentinaya qol vururlar, qrupda qələbə qazanırlar...
"Futbol saatı" kimi proqramlar sərf etmir, əsas futbolun "inkişafı" ilə bağlı bəy tərifləridir. Kimlər bunu etməsə, hər yola əl atılacaq, qarşısı alınacaq. Əsas, "yuxar"ı qarşısında görüntü fonunun yaradılmasıdır...
Beləcə futbol ictimaiyyəti ilə dövlət arasında "təbliğat maşını" vasitəsilə faciəvi uçurum yaradılır...
Futbol peşəkarlıqla yanaşı eyni zamanda sosial layihədir. Qarşıdan Avro-2020 gəlir. Belə bir mötəbər çempionata ev sahibliyi edən Azərbaycanda ən populyar futbol proqramlarından biri bağlanır, dayanır...
Bu, hansı ideologiyaya, hansı təbliğata, hansı məntiqə uyğun gəlir...?! Futbol məmurlarının kefi pozular təfəkkürü kənara qoyulmalı, təhlillər aparılmalı, itirilən illərdən nəticələr çıxarılmalı, ölkə futbolunun sabahı düşünülməlidir...
Futbolu onsuz da kabinetlərdə gizlətmək mümkün deyil. Azərbaycan futboluna ayrılan vəsaitə uyğun ən azı indi U-17-lərimiz Braziliyada olmalıydı. Ekrandan, mediadan məqsədli gizlədiləndə, hamı sosial şəbəkələrə üz tutur...
Vaxtilə "Pamir"i, Tacikistan futbolunu ağ günə çıxaran Əhməd Ələsgərov idi, indi alman Bernard Lippert ciblərini "göy"lərlə doldura-doldura Azərbaycan futbolunu "göylərə" qaldırır...
Sağlam rəqabət, şərait yaradılmadan irəliləyiş mümkünsüzdür. İnkişaf tək maliyyə ilə bağlı olmur, bütün sahələrdə yerində olan bacarıqlı kadrlardan asılıdır. Futbolda olan təsadüflərin sayəsində ölkə futbol genefondu isə məhv edilib...
İctimai nəzarət olmadan dövlət-cəmiyyət arasında vakuum, boşluq yaranır. Media məkanı özü bir körpüdür. Hansısa məmurların yox, dövlətlə-cəmiyyət arasında yaradılması vacib olan sağlam körpü...
Azərbaycan futbolunda "Futbol saatı" kimi verilişlərə çox ehtiyac var. Hər kəs dərk etməlidir, futbolda müzakirələrin, obyektiv fikirlərin, doğru analizlərin qarşısının süni, məqsədli şəkildə alınması ilə stadionlar-tribunalarda "istefa" şüarlarına şərait, zəmin yaradılır...
Tahir SÜLEYMANOV