İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi - YAZI
- 23 İyl 2020 12:20
- 1050
Gecələr evə hamı yatmağa hazırlaşan vaxt gələr. İşlərinin bitmə qrafiki bəlli olmaz. Çünki okeanın o tayından vacib idman yarışı onları gözləyir. Bunu işıqlandırmaq isə onların işidir. Digər həmkarları yuxudan durmağa, yeni günü qarşılamağa çalışanda, onlar bəzən yatmağa, günü sonlandırmağa hazırlaşar ki, növbəti axşamkı “döyüş”ə enerji toplasınlar.
Yəqin ki bəziləriniz söhbətin kimlərdən getdiyini təxmin edə bildiniz. Bəli, söhbət idman jurnalistlərindən gedir. Onlar üçün xüsusi gün də qəbul edilib: 2 iyul – İdman Jurnalistləri Günü.
İdman jurnalistikası digər sahələrdən bu cəhəti ilə də seçilir: onlar bir ay ərzində iki bayram qeyd edər. Əvvəl 2 iyul, bundan 20 gün sonra isə Həsən bəy Zərdabinin bizə bəxş etdiyi Azərbaycanın ümumi mətbuat günü qeyd olunur.
Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu bayram yalnız iyul ayında yada düşər. Ölkəmizdə idman jurnalistikası hazırda çətin günlərini yaşamaqdadır. 1996-cı ildən AIPS-ə (Beynəlxalq İdman Mətbuatı Assosiasiyası) üzv olan Azərbaycandan bir neçə tanınmış, yaxşı qələmi olan idman jurnalisti çıxsa da, sonradan bu sayda azalma baş verib. Səbəb isə çətinliklərdir. Məsələlərə pillə-pillə yanaşaq.
Qəzetçilik institutunun problemi
Əvvəlcə idman jurnalistikasının qədim sahəsi olan qəzetçilik institutundan başlayaq. Sovet dönəmində azərbaycanca yaza bilən idman jurnalisti məhdud sayda idi. Keçmiş boksçu Paşa Əmirov “İdman” qəzetində boks və güləşdən yazırdı. “Komsomol” və “Bakı” qəzetlərinin idman bölmələrində hər zaman müəlliflərə rast gəlmək mümkün idi. Belə də olurdu: rusdilli müəlliflər Azərbaycan soyadı ilə yazırdılar və onların yazdıqları Azərbaycan dilinə tərcümə olunurdu. Məsələn, Şelyayev Quliyev soyadı ilə voleybol və basketboldan yazırdı.
Ancaq qəzet jurnalistikasında belə problem müstəqilliyimizə qovuşmağımızla tamam aradan çıxıb. İndiki dövrün isə öz problemləri var.
Bu sahədə “külüngünü yerə zərblə çırpan”, özündən daha çox söz etdirənlərdən biri “Futbol+” qəzetidir. Qəzetin dəyişməz kapitanı isə Mahir Rüstəmlidir. 1994-cü ildən jurnalistikada olan Rüstəmli 1997-ci ilin sonlarından təsis olunan bu qəzetin baş redaktorudur.
O, jurnalistikanın indiki dönəmindən danışanda müqayisə etməsini istədik. 90-cı illərdə qəzetlərin reklam bazarında çiçəklənmənin olduğunu, satışdan qazanc əldə etməyin mümkünlüyünü bildirən M.Rüstəmli indiki dövrdə idman KİV-lərinin əksər hissəsinin reklam bazarından asılı olduğunu vurğulayıb:
“İdman jurnalistikası, xüsusən də saytlar əsasən klub reklamlarının hesabına yaşayır. Təbii, bizim də xərclərimizin müəyyən hissəsini belə reklamlar qarşılayır. Amma saytlardan fərqli olaraq, biz məhsulumuzu satışa çıxara, qəzetin çap xərclərini və kommunal xidmətlərin haqqını bu yolla ödəyə bilirik. Məncə, futbol bu ölkədə daha çox sosial layihə olduğundan, klublar medianın durumunu bildiyindən reklam əməkdaşlığı formasında yardımlar dayanmayacaq. Müəyyən azalma olsa da, bəlkə bu, ümumi işin xeyrinədir. Belə olanda hamılıqla əlavə gəlir mənbələri axtarmalı olacağıq”.
Artıq qəzet jurnalistikasının tənəzzül etdiyini deyənlər var. Sosiallaşan dünyamızda nəinki saytlar, hətta sosial şəbəkələr vasitəsilə xəbərləri öyrənənlər olur. Bununla da oxucu 40-50 qəpik verib, qəzet almaqdansa, puluna qənaət edib, saytdan həmin məlumatı əldə etməyə çalışır. Lakin Mahir Rüstəmli bununla razılaşmır. O, indiki dövrdə də qəzet mediasının saytlarla rəqabət apara biləcəyini düşünür. Bunun üçün “Futbol+” qəzeti məsələlərə fərqli bucaqdan baxaraq, oxucusunu itirməməyə çalışır.
“Saytlarla qəzetin operativlik imkanı qeyri-bərabər olduğundan biz artıq xəbərçiliyə qaçmırıq. İlk növbədə bütün aktual hadisələrə fərqli, özəl baxış bucağından yanaşmağa, oxucumuza nəyin düz, nəyin yanlış olduğunu anlatmağa çalışırıq. Analitik-təhlil xarakterli materialların həcmini artırmaq, saytlarda çalışan həmkarlarımızın gözündən qaçan məqamların üzərində işləmək də vəzifələrimizdən biridir.
Sütun yazılarının sayı da əvvəlki dövrlərlə müqayisədə artıb. Düzdür, kəmiyyət bütün hallarda keyfiyyət demək deyil. Hər halda, hər sütun yazısı müəllifin aktual məsələyə fərqli və düşündürücü baxışını ortaya qoymasıdır. Bir maraqlı məqam da odur ki, qəzetçilikdə hansısa aktual mövzudan danışıb, onu fərqli yönlərdən təkrar-təkrar işləmək, xırdalıqlarına qədər incələmək baxımından geniş imkanlar hələ də qalır”, – deyə Mahir Rüstəmli fikirlərini tamamlayır.
Şərhçilik institutunun problemi
Televiziya və radio institutu da Azərbaycan idman mətbuatının tarixində xüsusi yerə malikdir. Valid Sənani kimi ilk futbol şərhçimizin yer aldığı indiki AzTV, o vaxtkı Dövlət Televiziya və Radio Verilişləri Komitəsi bir neçə idman jurnalisti yetişdirib. Onlardan biri də çoxlarının daha çox “Neftçi”nin qapıçısı kimi tanıdığı Çingiz İsmayılovdur.
85 yaşlı veteranla söhbətə onu idman jurnalistikasına gətirən səbəbi öyrənməklə başladıq:
“Futbol oynadığım vaxt Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşam. Çünki mənim ailəm də media nümayəndəsi olub. Əvvəl Bədən Tərbiyəsi və İdman Akademiyasına sənədlərimi versəm də, sonradan fikrimdən vaz keçib jurnalistika üçün müraciət etdim və qiyabi bölməyə daxil oldum.
1956-cı ilin sonunda məndən Dövlət Televiziya və Radio Verilişləri Komitəsində Altay Zahidovla Valid Sənani mövsümə yekun vurmaq üçün müsahibə aldılar. O vaxt oynadığım “Neftyanik” komandasında azərbaycanlı futbolçuların sayı az idi. Olanlar da rusdilli idilər. Mən isə Çəmbərəkənddə doğulduğum üçün azərbaycanca səlist danışırdım.
Futbolçu karyeramı bitirdikdən sonra isə Ənvər Əlibəyli (komitənin o vaxtkı sədri) məni şərhçi işləməyə dəvət etdi. Kiçik redaktor kimi 80 rubl maaş alırdım.
“Futbol – sevincim mənim” adlı verilişim olub. O verilişdə incəsənət işçilərinin futbola marağından bəhs edilirdi. Komitədə sonuncu işdən çıxan idman jurnalistləri olurdu. Çünki “Neftçi”nin səfər matçlarının nəticəsini tamaşaçıya çatdırmalı idik, oturub xəbər gözləyirdik”.
O, şərhçilik institundan danışarkən ixtisaslaşma probleminə diqqəti çəkib:
“İndi idman jurnalistikasında ovaxtkı kimi ixtisaslaşma yoxdur. Mən ömrümdə heç vaxt nə güləşdən, nə də boksdan reportaj aparmışam. Ancaq kollektiv oyunlardan – futbol, voleybol və basketbolu şərh etmişəm. Bu gün təəssüf ki, idman kanallarımızda bir adam həm cüdo, həm də futboldan şərhçilik edir.
Rusiyada iki nəfər veriliş aparır. Biri mütəxəssis, digəri jurnalist olur. Mütəxəssis epizodlara qiymət verirsə, jurnalist oyundakı anları təsvir edir. Azərbaycanda isə iki şərhçi çıxır, növbə ilə danışırlar. Sonra slavyan soyadlarının tələffüzündə çətinlik çəkən şərhçilərimiz var”.
Onlayn institutun problemi
Sayt jurnalistikası isə digər iki institutdan çox gəncdir. Əsrimizin başlanğıcında bir neçə ictimai-siyasi sayt Azərbaycanda fəaliyyət göstərməyə başladı ki, bunların içində az sayda idman portalları da vardı. 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramının ərsəyə gəlməsi idman saytlarının sayının artmasına səbəb oldu. Tədricən qəzet-nəşriyyat xərcləri daha az maliyyə tələb edən, idman, ələlxüsus futbol saytlarının çap mətbuatını əvəz etməsiylə nəticələndi.
Məsələn, müsahibimiz olan Komanda.az saytının baş redaktoru Rəşad Ergün əvvəl bu adda qəzet çıxarışı ilə məşğul olurdu. Lakin o da indi idman saytlarının əvvəlkindən yaxşı vəziyyətdə olmadığını bildirir:
“Bizdə belə fikir formalaşıb ki, idman mediası ölkədə mətbuatın digər qolları ilə müqayisədə daha yaxşı durumdadır. Düzdür, burada yaradıcılıq baxımından meydan genişdir, az-çox səmimiyyət hiss olunur. Amma təbii ki, idman mediasında, xüsusən də sayt jurnalistikasında da qüsurlar var, özü də yetərincə. Son bir neçə il kəmiyyətlə keyfiyyətin mübarizəsi oldu. Təəssüf ki, keyfiyyət uduzdu.
Maraqlı müsahibələrin, müəllif yazılarının, reportajların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Pandemiya dövrünü çıxıram, ondan əvvəl artıq bu proses başlamışdı. Bəlkə də bütün bunlarda sosial şəbəkənin böyük rolu var. Əksər həmkarlarımız sosial şəbəkədə daha aktiv olmağa üstünlük verir, nəinki o düşüncəni, enerjini üzərində bir az gəzdirib, sayt üçün sanballı yazıya çevirməyə.
Açığı, sosial şəbəkəni jurnalistikaya təhdid kimi görürəm. İdman mətbuatı hansı halda inkişaf edə bilər? Bunu bir neçə dəfə demişəm, sən futbol üzrə Premyer Liqanın oyununda boş stadion görürsənsə, bu elə idman mətbuatının həmin boş oturacaqlarda əks olunan surətidir. Bu isə hər şey deməkdir; oxucu sayı, maliyyə vəziyyəti. Nəticədə stadiona getməyən futbol azarkeşi idman saytına da maraq göstərmir.
Bu isə saytların hələ kim bilir, daha nə qədər klublardan reklam asılılığı deməkdir. İdman mətbuatının inkişafı birbaşa özündən asılı deyil. Futbol klublarından, milli komandalardan, azarkeş-oxucudan və s. asılıdır”.
Bəs Mətbuat Şurası nə deyir?
Azərbaycanda yazılı mətbuata nəzarət mexanizmini tətbiq edən qurum Mətbuat Şurasıdır. İdman jurnalistikası ilə bağlı həmin qurumun sədri Əflatun Amaşovu da danışdırdıq. O, idman mediasında durğunluğun səbəbini belə izah etdi:
“Sahə jurnalistikası içərisində idman yaxşı inkişaf edib. İdman jurnalistikası digər sahə, məsələn, mədəniyyət və iqtisadiyyat jurnalistikasından həm dövriliyinə, həm də sayına görə fərqlənib. Ancaq son zamanlar bu sahədə obyektiv və subyektiv səbəblərdən axsamalar oldu. İdman qəzetlərinin tirajlarında azalma başlandı, saytların oxunaqlığı azaldı. Hazırda idman mediası durğunluq dövrü yaşayır.
Bunu da mən Azərbaycanda Futbolun İnkişafına dair Dövlət Proqramının 2015-ci ildə başa çatması ilə əlaqələndirərdim. Çünki proqram başa çatınca futbol klubları maliyyə baxımından sıxıntı yaşamağa başladı. Bu isə həmin klublardan reklam alan idman mətbuatına ciddi təsir etdi.
İdman mətbuatının əlavə maliyyəsi, ofisi, işçiləri, beynəlxalq yarışlara göndərmək üçün xarici dil biliyi olan jurnalistləri olmalıdır. Təəssüf ki, hazırda maliyyə baxımından idman mətbuatında çətinliklər var”.
Ə.Amaşov idman jurnalistikasında ixtisaslaşma ilə bağlı problemlərin isə tədricən azaldığını düşünür:
“İdman mətbuatında ixtisaslaşma ilə bağlı o qədər də problemlərin olduğunu düşünmürəm. Əvvəllər bəzi idman növlərini bilmək baxımından problemlər vardı. Lakin ölkəmizdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər turnirlər keçirildiyi üçün idman jurnalistlərimiz də püxtələşməyə başladı. Ümumiyyətlə, Azərbaycanda hansı idman növü inkişaf edirsə, o növ üzrə də ixtisaslaşan jurnalistlər yetişir”.
O, mətbuatda müəlliflik hüququ ilə bağlı problemlərin olduğunu da bildirib:
“İctimai-siyasi saytlar idman jurnalistlərini işdən çıxarmaqla maliyyəyə qənaət edəcəyini düşünür. Belə olan halda, başqa idman jurnalistinin yazdığı xəbəri istinadsız saytlarına qoyurlar. Ancaq müəlliflik hüququ ilə bağlı problemlər var. Mətbuat Şurasına gələn şikayətlər arasında bu barədə ediləni olmur. Çünki bu iş məhkəməyə getsə, qalib gəlsə belə, qarşı tərəfin cərimə məbləği ödəməyə gücü çatmır. Ona görə də yazısı olan müəllif və ya sayt daha çox dözümlülük nümayiş etdirir”.
İdman jurnalistikasında sabaha ümid də var
Bütün problemlərə rəğmən, əminliklə demək olar ki, gələcəkdə idman mətbuatı kadr baxımından problem yaşamayacaq. Çünki 2017-ci ildən idman jurnalistikasının inkişafı yönündə səmada ümid işığı görünməyə başlanıb.
Belə ki, Böyük Britaniyanın Şefild Halam Universiteti ilə əməkdaşlıq çərçivəsində dünyaca məşhur media mütəxəssisi Den Meyson, həmçinin PR və media sahəsində yerli və beynəlxalq təcrübəyə malik, proqram meneceri Ellada Mustafayeva tərəfindən tədris olunan ingilis dillində “İdman jurnalistikası” magistr proqramına qəbul keçirilib. 2017-ci ildə ilk dəfə altı tələbə bu proqrama qəbul olub.
Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən tədrisin müddəti ilyarımdır. Tələbələr müasir teleradio avadanlığı ilə tam təchiz edilmiş Akademiyanın Multimedia Mərkəzində yerli və xarici mütəxəssislər tərəfindən keçilən modullar çərçivəsində PR, audio və video, onlayn media sahəsində peşəkar bacarıqlara yiyələnib, beynəlxalq idman yarışlarına, nüfuzlu tədbirlərə media təmsilçisi qismində qatılmaq imkanı qazanıblar.
Proqramın iştirakçıları dəfələrlə onlayn radio və televiziya vasitəsilə canlı yayım edib, yüksək nailiyyətli idmançılar, görkəmli məşqçilər, könüllü və tələbələrdən müsahibələr alıblar. Onlar, həmçinin proqram çərçivəsində Böyük Britaniyaya səfər edərək 2 həftə müddətində BBC və digər nüfuzlu media orqanında təcrübə qazanıblar.
“İdman jurnalistikası” magistr proqramının ilk məzunları artıq bir sıra yerli teleradio şirkətləri, “Associated Press”, BBC, “Əl Cəzirə” kimi nüfuzlu xarici media qurumları ilə əməkdaşlıq edirlər.
Qeyd: Məqalə Azərbaycan İdman Jurnalistləri Federasiyasının Əməkdar jurnalist Mirpaşa Miriyevin 100 illik yubileyi münasibəti ilə keçirdiyi müsabiqə üçün dərc olunub.
Səbuhi Musayev