İDMAN JURNALİSTİKASI ÜÇÜN İKİNCİ ŞANS YAZI
- 18 İyl 2020 11:13
- 2259
Etiraf edirəm, Mirpaşa Miriyevin uzun illər “İdman” qəzetinin baş redaktoru olduğunu cəmi bir ay əvvəl bilmişəm. Hətta dahasını da yazım ki, ümumiyyətlə onun adını belə ilk dəfə bu il Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təsis konfransında eşitdim. Baxmayaraq ki, uzun illərdir idman jurnalistikasındayam və son 20 ildə bu peşənin həyatında baş verən bütün hadisələrin izləyicisi və bilavasitə iştirakçısı olmuşam. Ustad bağışlasın, amma onun adının 21-ci əsrə girə bilməməsinin səbəbkarı mən deyiləm. İdman jurnalistikası idmanın özündən daha amansızdır. İzləri tez silir.
Respublikanın yeganə “İdman”çısı
Amma şübhəsiz, estafeti hələ 1923-cü ildə Bakıda nəşr olunan ilk idman qəzeti olan “Qırmızı idmançı”dan alan “İdman” qəzeti Azərbaycan idman jurnalistikasının təməli və istinad nöqtəsidir. Az qala bir əsrlik tarixi olan bu nəşrin həyata keçirdiyi layihələr, ortaya qoyduğu işin həcmi və miqyası dövrü üçün ölçüyəgəlməzdir. SSRİ dönəmindəki oxucunun yeganə məlumat mənbəyi olan qəzetin fəaliyyəti bəzən sərhədləri aşıb, strateji əhəmiyyət daşıyıb. Ən kiçik məqaləsi belə ölkə səviyyəsində rezonans doğuran, ən ciddi problemin qısa müddətdə həllinə gətirən “İdman” və onun “idmançı”larının peşəkarlığı, məsuliyyətliyi həmişə ön planda olub, böyük əhəmiyyət daşıyaraq vacib dönüş nöqtəsinə çevrilib. İdman jurnalisti prototipi yaradılan “İdman”da peşə fəaliyyətinə başlamış jurnalistlərdən bir çoxu da sonralar “Sovetski Sport”, “Futbol-hokkey” və s. kimi qəzetlərdə məsul vəzifələrdə işləyiblər. Miriyevin özünün də bir dəfə dediyi kimi, “Vısşaya liqa”ya çox sayda “oyunçu” verib və həmin oyunçular ölkə idmanına xidmət göstəriblər. “İdman” uzun illər idman jurnalistləri üçün start xətti, yarışa başlamaq üçün siqnal atəşi olub.
“Futbol+” miladı
Müstəqilliyin ilk illərində ciddi maliyyə problemləri və müharibə idmanın, həmçinin idman mediasının ikinci plana keçməsinə rəvac vermişdi. Ən azından Atlanta Olimpiadasının sonuna və 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbər təyin edilməsinə qədər bu durum davam etmişdi. Sonra vəziyyət yavaş templə də olsa, dəyişməyə, idmanda qazanılan uğurlar çoxalmağa, o da müvafiq informasiyaya tələbatı artırmağa başladı.
Müstəqillik tariximizin bütün sahələr üzrə ən yaxşı qəzetlərinin sıralamasını tərtib olunsa, “Futbol+” mütləq şəkildə ilk onluqda yer alacaq. 1997-ci ildən bu yana Azərbaycan idmanının, xüsusilə də futbolunun irili-xırdalı bütün hadisələrində iş başında olan bu nəşr yüzminlərlə, bəlkə də milyonlarla idmansevəri öz ətrafında birləşdirməyi bacarıb. Sabitlik və prinsiplərə sədaqət bu qəzetə uzun illər ayaqda qalmağa, gündəmi yaratmağa, dəyişməyə, trend olmağa kömək edib. Baş redaktor Mahir Rüstəmlinin rəhbərliyi altında çalışmış onlarla jurnalist hazırda əksər idman qurumları, federasiyalar və klublarda müxtəlif postlardadırlar. “Futbol+” Azərbaycan idman jurnalistinin yeni simasını, davranış və yazı prinsiplərini müəyyənləşdirə bilmiş, hətta idman mətbuatının öz yazı dilini formalaşdırmağı bacarmışdı. Fikrin ifadə olunması üçün maksimum lakoniklik, həmçinin yazıya idmançı kimi yüyrəklik, çevikliyin tətbiqi öz effektini vermişdi. “Futbol+” nəinki regionda, hətta bütün MDB məkanında seçilən KİV-lərdən biri olaraq Azərbaycan idman jurnalistikasının tarixində qalın bir qırmızı xəttlə imzasını atıb. Və bu imzanın olduğu yerdə möhürə ehtiyac yoxdur.
Yeni nəsil qəzetçilik
Sıfırıncı illərin ortalarından idman mediası bumu yeni qəzetlərlə başlamışdı. Məsələn, “Het-Trik” qəzeti müasirlik və yenilikçiliyi ilə ön plana çıxmış, rəngarəng və çağdaş tərtibatlı manşetlər, dizayna verilən üstünlük, bəzən təqdimatın məlumatın önünə keçməsi, son olaraq isə məşhur “xarakiri əməliyyatı” ilə öz kökünə balta vurmaqla yadda qalmışdı. Azərbaycan idman tarixində ən sərt jurnalistika nümunəsi isə “Komanda” idi. Sərt satira, ölkənin ən güclü köşə yazarlarına azad tribuna verilməklə, klublarla reklam əməkdaşlıqlarına rəğmən ədalət və obyektivlik prinsiplərindən geri çəkilməməklə ağır tənqid sərhədlərini genişlədən “komandaçılar” uzun müddət camiəyə bayraqdarlıq etməyi bacarmışdılar. Qəzetin aqressiv və barışmaz tərzi yeni nəsil jurnalistikanın əsas istiqamətlərindən birinə çevrilərək ona yön vermiş, sonrakı təxminən bir dekadanın trendini müəyyən etmişdi.
Elektron “partlayış”, yaxud “Qızıl era”
Azərbaycan idman jurnalistikası tarixinin “Qızıl era”sı isə elektron medianın informasiya axınını əlinə aldığı dövr - 2007-17-ci illərdir. İlk addımını hələ 2000-ci ildə Erkin İbrahimovun rusdilli “Azerifootball.com”-u ilə atan karvan bu günə qədər yol üstündədir. Əlisahib Əliyev rəhbərlik etdiyi “Fanat.az” isə ilk azərbaycandilli və müstəqil sayt kimi tanınır. “Qaynar Media”nın bazasında qurulan və o dövr üçün unikal kontentlə çıxış edən “Fanat” koşə, analitika və araşdırma yazıları, gündəmə düşəcək xəbərləri ilə kiçik bir inqilaba imza ata bilmişdi. Təsadüfi deyil ki, məhz onun ardınca çox qısa müddətdə apasport.az (o vaxta qədər “APA” İnformasiya Agentliyinin idman bölməsi kimi fəaliyyət göstərirdi) və qol.az kimi nəhənglər yaradılmağa başladı. Ardınca çox sayda qəzet və 60-a yaxın sayt məhz həmin vaxtda müxtəlif uğurlarla fəaliyyət göstərə bildi. Şübhəsiz, o illərdə ölkədə idmana, xüsusilə də futbola ayrılan maliyyə (həmçinin Dövlət Proqramı) öz əsas rolunu oynamışdı. Təbliğatda maraqlı olan klub və qurum rəhbərləri reklam əməkdaşlıqları vasitəsilə çox sayda jurnalisti ətrafına toplayır, onların gücündən yararlanırdılar. Çox sayt açılır, minimal reklam ala bilir, o pulla fəaliyyətini davam etdirə və artıra bilirdi. Kəmiyyət isə axır-əvvəl keyfiyyətə keçir. Məhz “qızıl era”da rəqabət öz tarixinin zirvəsinə qalxmişdı. KİV-lər ortaya yeni bir iş, yeni mövqe qoymağa çalışır, idmanın, xüsusilə də futbolun həyatına müsbət mənada müdaxilə edə bilirdi. Mətbuat konfranslarında, müxtəlif idman tədbirlərində, xarici səfərlərdə çoxlu jurnalist olur, heç bir məqam gözdən qaçmır, ən xırda detal belə qeyd edilərək gündəmə gətirilirdi. Bu isə öz növbəsində funksioner və idmançıları işinə peşəkar yanaşmağa məcbur edir, inkişafa tərəf sıxırdı. Amma media fərdlər şəklində rəqib olsa da, lazımi məqamlarda dostluq və həmrəylik nümayiş etdirir, öz həmkarına, sərt qələmi ilə fərqlənərək təzyiqlərə məruz qalanlara sahib çıxır, yanında olub dəstək verirdi. Bəzən jurnalistlər mətbuat konfranslarını boykot edir, müxtəlif aksiyalar həyata keçirərək dünya mediasının gündəminə düşə bilir, toplu bəyənatlar yayır, ölkə idman jurnalistikasına hörmət tələb edərək istəyinə nail ola bilirdi... Sonrasında maliyyəsizlik, həmçinin ölkədə ən yüksək səviyyədə idmanın prioritet olaraq öndən ikinci plana keçirilməsi ona olan marağı əhəmiyyətli dərəcədə azaltdı. “Qızıl era”nın sonu da elə bu azalma ilə gəldi.
TV üçün haşiyə
Böyük təsir gücünə malik televiziya jurnalistikası da unudulmamalıdır. Keçmişlərdən Valid Sənani, Çingiz İsmayılov, nisbətən yeni dövrdə Fikrət Adıgözəlov, Elnur Əşrəfoğlu, Altay Əliyev və digərləri, bu gün isə Gündüz Abbaszadə, Rüstəm Əfsərli, Tural Dadaşov, Elnur Məmmədli və digərləri şərhçilik sexində, İlkin Xəlilov, Tural Xudiyev, Sənan Abdullayev, Ceyhun Rzayev və adını çəkmədiyimiz başqa bir çoxları isə TV-dəki fəaliyyətləri nüfuzlarını ortaya qoya bilə, idman jurnalistikasının inkişafına öz töhfələrini verə biliblər. Ümumilikdə idman jurnalistikasının televiziya həyatını isə “Sovet studiyası”, müstəqillik dövrünün başlanğıcında müxtəlif verilişlərinin “səsi”, telekanalların idman şöbələrinin fəaliyyəti, ANS-dəki Çempionlar Liqası “bum”u, “Xəzər TV”-dəki “Futbol saatı” verilişi, “İdman TV”-nin yaradılması, CBC Sport-un yaradılması kimi mərhələlərə bölmək olar.
Bu gün...
Hazırda Azərbaycan idman jurnalistikası 50 civarında sayt, faktiki yeganə real satışı olan “Futbol+” istisna olmaqla bir neçə formal və müxtəlif qurumların yayın orqanı olan qəzet və jurnallar, iki idman televiziyası, müxtəlif telekanalların, həmçinin fəal ictimai-siyasi saytların idman şöbələrindən ibarətdir. İlk baxışdan böyük bir orduya bənzəsə də, bu ordunun generalları yetərincə azdır. Olanlar da müəyyən istisnalarla ya yorğundurlar, ya da bilik-bacarıqları onların belə demək olarsa, leytenantlıq dövründə qalıb. Yeni məzmun demək olar ki, yoxdur. Bəli, ölkədə baş verən idman, xüsusilə də futbol hadisələri, həmçinin böyük beynəlxalq yarışlar və forumlar yetərincə ciddi işıqlandırılır, fasiləsiz informasiya axını var, oxucu “qida”sız qalmır, alternativ mənbə problemiylə üzləşmir, konkret hansısa KİV-dən asılı deyil. Amma bu “qida” yeknəsəkdir, eynidir. KİV-lər oxucusuna yeni heç nə təqdim etmir, oxucuya köhnə reseptlərlə xidmət edir, çox nadir hallarda nəsə “duz”, “istiot” əlavə edir. Ancaq bu yenə də eyni “yemək”lərdir.
və sabah...
İdman jurnalistikası öz dünənində (21-ci əsrə qədər) idman dilində desək, təknövçülüyə bənzəyib. Rəqabətsizlik səbəbindən qələbə yalnız fərdin (oxu: KİV-in) özündən asılı olub. Qəzet ancaq qəzet olmalı idi, alternativi olmadığından başqa istiqamət götürməyə məcbur deyildi. Sonra elektron media yarandı və sürətlə inkişaf etməyə başladı. Bu gün bir KİV ayaq üstə qalmaq üçün azı triatlonçu olmalı, həm “qaçmağı”, həm “tullanmağı”, həm də “döyüşməyi” bacarmalıdı. Gələcəkdə isə idman jurnalistikasında möhkəmlənmək istəyən KİV nəinki “penta”, ya “hepta”, hətta dekatlonçu olmağı bacarmalıdı. Bu məcrada bir qəzetin həm yazılı nəşri, həm saytı, həm youtube kanalı olmalı, bütün sosial şəbəkələrdə fəaliyyət göstərməli, reportajları yalnız yazılı yox, həm də imkan daxilində videoformatda olmalı, telekanallarda aktiv xatırladılmalı, istinad olunmalı, müxtəlif eventlər təşkil etməli, podkastlar qurmalı, oxucu-azarkeşlərlə interaktivliyi yüksək həddə çatdırmalı, bir sözlə, “bir əlində beş mərifət” olmalıdı. Əks halda, oxucu bunu edən başqasına yönələcək, çünki gedəcək yer var.
Amma bunun faciə yox, əslində böyük imkanlar olduğunu da anlamaq lazımdır. Vaxtilə qəzet yalnız qəzet oxucusuna çıxış əldə edə bilirdisə, indi yuxarıda qeyd olunan vasitələrlə qəzet oxumayan, ancaq saytlardan yararlanan, bunların heç birini etməyib yalnız sosial şəbəkələrdə olan, yenə də bu sadaladıqlarımızın heç birini etməyib yalnız videolar izləməklə yetinən oxucuya da çıxış imkanı əldə edir. Bir informasiyanı yalnız 2 min oxucusuna yaya bilən nəşr bu yolla onminlərlə internet, yüzminlərlə sosial şəbəkə istifadəçisi və video izləyicisinə çıxış əldə edir. Bu isə daha böyük auditoriya, daha böyük şəbəkə qurma və ciddi gəlir imkanı, konkret hansısa qurumun dotasiyasından asılılığın azalması, daha müstəqil və azad fəaliyyət, böyük yaradıcılıq şansıdır.
Yalnız bu halda yazının əvvəlində qeyd etdiyim izlər daha uzun müddət və daha çox yerdə qalacaq, gələcək nəsillərə nümunə rolunu oynaya biləcəkdir. Zaman idman jurnalistikasına ikinci şansını verib. Ondan maksimum yararlanmaq, böyük qüvvə ilə zirvələri fəth etmək lazımdır.
Kənan Məstəliyev, "Rekord.az"
Bu yazı Azərbaycan İdman Jurnalistləri Federasiyasının Mirpaşa Miriyevin 100 illik yubileyi münasibətilə "Azərbaycan idman jurnalistikası: dünən, bu gün və sabah!" mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilmək üçündür.