İdman jurnalistləri üçün “Dopinqlə mübarizə” mövzusunda vebinar
- 12 May 2020 18:10
- 531
Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) Azərbaycan Milli Antidopinq Agentliyi ilə birlikdə dopinqlə mübarizəyə aid vebinar keçirib.
Rekord.az xəbər verir ki, vebinarda müxtəlif telekanal, qəzet, informasiya agentlikləri və xəbər portallarının 20-dən çox əməkdaşı, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman jurnalistikası proqramının magistrləri iştirak ediblər.
AİJF prezidenti Qabil Mehdiyev vebinarın əhəmiyyətindən danışaraq media nümayəndələrinə təlimdə uğurlar arzulayıb. AMADA-nın direktoru Şəfəq Hüseynli isə son günlərdə rəhbərlik etdiyi qurumun idmançılar və mütəxəssislər üçün belə təlimləri ardıcıl keçirdiyini vurğulayıb. O, təlimin media nümayəndələri üçün də əhəmiyyətli olacağına söyləyib.
Bir saat davam edən vebinarda antidopinq qayda pozuntularının aşkarlanması və araşdırmaların aparılması, qadağan edilmiş maddələrin qanunsuz dövriyyəsi və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq, respublika idman federasiyalarının öhdəlikləri, antidopinq qayda pozuntuları mübahisələri üzrə qapalı dinləmə prosesi və Ümumdünya Antidopinq Agentliyi tərəfindən qərarların yoxlanılması kimi mövzulara toxunulub.
Vebinarda media nümayəndələrinə dopinq yoxlamaları və müxtəlif qurumlarla əməkdaşlıq, idmançıların öhdəlikləri, hüquqları barədə və digər məsələlər haqqında slaydlarla məlumat verilib.
Sonda AMADA-nın hüquqşünası Fərhad Abbasov müxtəlif mövzularda sualları cavablandırıb.