İdmançımız Avropa çempionu oldu, qələbəni şəhidlərə həsr etdi
- 10 May 2021 20:01
- 1008
6-9 may tarixlərində Rusiyanın paytaxtı Moskvada pauerliftinq üzrə Avropa çempionatı keçirilib. Yarışda Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin başçılığı ilə ora yollanan komandamızda ölkəmizi 2 idmançı təmsil edib. 17-19 yaşlı idmançı kateqoriyasında, klassik pauerliftinq növündə 90 kq çəki dərəcəsində Məhəmçəd Hüseynov iştirak edib. O toplam 670 (220+120+230) kq nəticə ilə qızıl medala layiq görülüb.
Yığma komandamızın digər üzvü, əməkdar idman ustası, dəfələrlə dünya və Avropa çempionu, “Zirvə” Beynəlxalq İdman Klublarının təmsilçisi Ramil Əhməd olub. O, 100 kq çəki dərəcəsində yarışıb. Yarış zamanı xoş olmayan məqam qeydə alınsa da, idmançımız uğurlu çıxışla yadda qalıb. Belə ki, hakimlərin texniki səhvi nəticəsində ştanqla oturub-durma hərəkətindəki çıxışı qeydə alınmayıb. Öz divizionunun ən yaxşısı olmasına baxmayaraq Ramil Əhmədə qarşı edilən bu haqsızlıq heç də müsbət deyil. Amma idmançımız ruhdan düşməyib. O, ştanqı yerdən qaldırma (dedlift) hərəkətində 320 kq nəticə göstərib və bununla “Vilks dűstűru” hesabı ilə öz divizionunda həm öz çəki dərəcəsində 1-ci yerə çıxıb, həm də öz divizionunun Avropada mütləq çempionu adına layiq görülüb.
Yarışdan sonra Ramil Əhməd açıqlama verərək bu qalibiyyətini Vətən uğrunda şəhid olan Polad Həşimov, Muxtar Qasımlı, Mübariz İbrahimov və digər qəhrəmanlarımızın əziz xatirəsinə həsr etdiyini bildirib.