II Liqanın 9-cu turu çərçivəsində keçirilən "Göygöl" - "Şəki Siti" qarşılaşması yarımçıq qalıb. "Rekord.az" xəbər verir ki, matçın sonlarında hakimlə oyunçular və rəsmilər arasında mübahisə düşüb, ədalət təmsilçisi oyunu dayandırıb. Baş hakim Rövşən Rəcəbov təhlükəsizliyin təmin edilmədiyini əsas gətirib. 

 

Hadisənin videosunu aşağıdakı Linkdən, saytımızın feysbuk səhifəsindən izləyə bilərsiniz:

https://fb.watch/o0U4OVZlgJ/

 

Artıq meydan sahibi "Göygöl" FK bu barədə bəyanat da yayıb. Klub baş hakimin qərəzli olduğunu, söyüş söyərək oyunçuları təhqir etdiyini, bukmeker kontorlarına "xidmət etməkdə" şübhələndiklərini bildirib. Bəyanatı olduğu kimi sizə təqdim edirik:

 

"31 oktyabr tarixində “Göygöl” FK və “Sheki City” FK arasında II Liqanın IX turu çərçivəsində keçirilən oyunda xoşagəlməz hadisələr yaşanıb və klubumuz bundan zərər çəkib. Buna etiraz etdiyimizi bəyan edir, baş verənlərin araşdırılaraq doğru qərarlar veriləcəyinə inanımızı bildiririk.

Qarşılaşmanın 80-ci dəqiqəsində hakimin ədalətsiz qərarına etiraz edən futbolçumuz Vüqar Əşrəfliyə qırmızı vərəqə verilib. O, meydançanı tərk edərkən hakim Rövşən Rəcəbov onu təhqir edib, idmançı şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək onu konfliktə təhrik edib. Bundan sonra tərəflər arasında mübahisə başlayıb.

Ardından hakim Rövşən Rəcəbov oyun zamanı asayişdən məsul olan polis əməkdaşlarının təhlükəsizliyi təmin edə bilməməsini iddia edərək oyunu yarımçıq saxlayıb. Ədalət təmsilçisinin qeyri-adekvat hərəkətləri, oyunu yanlış idarə etməsi, daha doğrusu, idarə edə bilməməsi, kobud səhvlərə yol verməsi, öz səriştəsizliyi səbəbindən oyunu yarıda buraxmasını nəzərə alaraq, bu şəxsin cəzalanması və matçın yenidən təşkil edilməsinin vacibliyini qeyd edir, bununla bağlı açıq ictimai müraciətimizi bildiririk. Məsələ ilə bağlı Azərbaycan Futbol Federasiyasları Assosiasiyasına (AFFA) rəsmi yazılı müraciət də ediləcəkdir.

Onu da qeyd edək ki, oyunun əvvəlki dəqiqələrində də hakimin qərəzli qərarlar verməsinin şahidi oluruq. Onun matçda sarı və qırmızı vərəqələrdən yanlış və qərəzli şəkildə istifadəsindən və vəzifə səlahiyyətlərindən istifadə edərək Azərbaycan Respublikasının sərhədləri çərçivəsində qadağan edilən mərc platformaları ilə əməkdaşlıq çərçivəsində qeyri-qanuni gəlir əldə etməsindən də şübhələnirik.

Son dövrlərdə Azərbaycan futbolunda aparılan islahatlara kölgə salan belə halların yolverilməz olduğunu, məsələnin AFFA İntizam Komitəsi tərəfindən nəzarətə götürülməsini xahiş edir, ədalətli qərar verəcəyinə inamımızı bildiririk.

"Göygöl" Futbol Klubu daima ədalət tərəfdarı olub, atdığı bütün addımlar zamanı ilk öncə dürüstlük, idman prinsipləri, layiqli oyun nümayiş etdirilməsini istəyib. Futbolçularımızın bundan öncəki matçlarda da qırmızı vərəqələr aldığı məqamlar da olub, bunu təbii qiymətləndirərək heç bir etiraz etməmişik. Lakin qərəzli halların ardıcıl baş verməsinin üzücü bir tendensiyaya çevrilməsi bizi narahat edir. Məsələ ilə bağlı videofaktlar klubumuz tərəfindən aidiyyati üzrə təqdim etmək üçün hazırdır.

Sonda heç bir zaman adı qalmaqallarda, hakimlər və ya rəqiblərlə problemlərdə adı hallanmayan klubumuzun öz şərəfli yolunu əvvəlki kimi davam etdirəcəyini bir daha bildiririk".