İK niyə yığışmır? – Jurnalistlər müzakirə üçün xeyli məsələ “tapdı”
- 23 Dek 2020 15:49
- 557
AFFA İcraiyyə Komitəsi 2020-nin son iclasını keçirmək niyyətində deyil. Təbii ki, səbəb uğursuzluqların hesabatını verməkdən yayınmaqdı. Çünki il ərzində hər hansı müsbət iş görülməyib, futbol təsərrüfatının acınacaqlı durumu da göz önündədi.
Belə bir vəziyyətdə formal iclas keçirmək mümkün deyil. Ən azı milli komandanın və U-21 yığmasının bitən tsikllərdəki çıxışına qiymət verilməlidi. Yaxşı qiymət mümkün deyil, pis qiymət isə AFFA-nın özünün özünü vurması olacaq. Bu səbəbdən qurumun rəhbərliyi koronavirus pandemiyası üzündən tətbiq olunan karantin rejimini bəhanə etmək niyyətindədi.
Bəs, əslində, necə olmalıdı? “Futbolinfo” jurnalistlər arasında sorğu keçirib, onların fikirlərini öyrənib.
- AFFA İcraiyyə Komitəsinin ilin yekunlarına həsr olunan iclasının keçirilməməsi qərarı verilib. Sizcə, niyə?
- İK-nın keçirilməsi vacib olan iclasının gündəliyi necə olmalıdı?
Anar Xanlarov (rekord.az)
- İclasın keçirilməyəcəyi gözlənilən idi. Çünki AFFA bununla bağlı söz atmışdı. Yəni ildə 4 dəfə toplaşma limiti yerinə yetirilib və ilin sonunda keçirilməsə də olar. Elə də oldu. Belə deyim, onlar üçün səbəb yoxdur, sadəcə, kefləri istəmir. Necə deyərlər, xan mənim, xanlıq mənim.
- Gündəliyə salınıb müzakirə olunası kifayət qədər məsələ var. Nə əsas millinin baş məşqçisi, nə U-21 millisinin baş məşqçisi, nə də Hakimlər Komitəsinin rəhbəri olan əcnəbilər hesabat vermədi. Halbuki hər bir ayrı-ayrılıqda böyük məbləğdə əmək haqqı alır və qarşılığında heç bir nəticə yoxdur. Qurban Qurbanov Millətlə Liqasında 9 xal yığıb 2-ci olanda xüsusi toplantı keçirdib yazığı az qala ölkə futbolunun düşməni çıxardacaqdılar. Axırda da əməkdaşlığa xitam verdilər. Amma eyni liqada daha zəif çıxış edən və 6 xal toplayan de Byaziyə heç “gözün üstə qaşın var” deyən də olmadı və postuna saxladılar. Obradoviç Sumqayıtın 9 mk-nu boyda əhalisi olan Lixtenişteynə uduzub bizi biabır elədi, amma onunla yeni müqavilə bağladılar. Ştuxlik olan-qalan hakimliyi də məhv edir, hələ bugünə kimi, bunun hesabını soruşan yoxdur. İşğaldan azad olunan bölgələrimizə qayıdışla bağlı hər qurum, hər sahə öz layihələrini açıqlayır, AFFA-nın bununla bağlı heç bir layihəsi yoxdur. Bircə süni örtüklü meydançalar quraşdırılacağı açıqlanıb, onun da kimin maraqlarına xidmət etdiyi məlumdu. Uşaq futbolu məhv olmaq üzrədir, Region Liqasının taleyi naməlumdur, AFFA-nın balansında olan stadionlar günü-gündən dağılır, Ağsu və Şamaxı stadionu ilə bağlı yeni heç nə yoxdur, Tovuz stadionu və bazanın inşaasının niyə bu qədər yubandığı bilinmir – bunlar hamısı açıq qalan suallardı. Cavab yoxdu və olmayacaq da. Çünki bu ölkədə futbolun inkişafı nə Rövnəq Abdullayevə lazımdı, nə Elşad Nəsirova, nə də Elxan Məmmədova. Heç Vaqif Sadıqov, İsgəndər Cavadov və Kazbek Tuayevə də. Onlar da “paketlər”ini alıb bəy kimi dolanırlar.
Sənan Abdullayev (Xəzər TV)
- AFFA-da həmişə kağız rol oynayıb. Ölkədə qeydiyyatda olan minlərlə gözəgörünməz futbolçu sayından tutmuş bir çox məsələlərə kimi. Yəni kağız üzərində il ərzində məcburi olan 4 iclası keçiriblərsə, deməli, haqlıdılar. Sübut da edə bilməzsən. Kağız var axı… İcraiyyə Komitəsinin ilin yekunlarına dair iclasının keçirilməməsi və buna da heç bir səbəb göstərilməməsi arxayınlıqdan irəli gəlir. Yəni kim tələb edə bilər və ya kim tələb edəcək ki? Əvvəllər bu addımı atmaq ehtimalı olanların da bir çoxu gözükölgəli edilib. Fikir versəz, görərsiz ki, danışan futbol adamlarının da sayı çox azalıb.
- İclasın gündəliyinə gəlincə, mövzu boldur. Ən sadəsi, yadınızdadısa, pandemiya üzündən idman camiəsi böyük xərclərə gedilməməsi üçün millinin yerli məşqçiyə tapşırılmasını istəyirdi. Edilmədisə, demək məsuliyyəti üzərlərinə götürdülər. Bu müddətdə nəyə nail olduq? İcraiyyə Komitəsinin planlaşdırdığı, ya təxmin etdiyi bu idimi? Bəlkə elə ağıllı bir şey deyəcəklər ki, bizim beynimiz o qədər inkişaf etməyib? Milan Obradoviçə yeni anlaşma təklif olunubsa və İK-da təsdiq olunmadan edilibsə, bu komitəyə nə ehtiyac var? Uşaq futbolu, virusla dolu çempionatın taleyi… O qədər məsələ var ki. Bir də maraqlısı odur ki, əvvəl “işimiz çoxdu” deyib, qatıla bilməyənlər üçün də bəhanə qalmayıb. Çünki onsuz da onlayn olacaq. Üstəlik, illərdi bir işə yaramayan Elmar Məmmədyarov da bekardı. Yəni daha geniş tərkibdə ola bilərlər.
Faiq Tahirov (futbolpress.az)
- Ölkə futbolunda itirilən bir il geridə qalmaq üzrədi. Görünür, İK danışılacaq çox şeyin olmadığını düşünür. Ancaq bir qədər dərininə gedəndə görürük ki, onsuz çoxdandı ölkə fubolunda itirilən illər yaşayırıq və hər dəfə yekunlara dair müzakirə ediləcək mövzular tapılırdı. Videokonfrans formatında, ənənəvi formal iclaslardan birini etmək olardı. Formal ona görə ki, onsuz da İK-nın toplantılarında qızğın müzakirələri, futbolda ciddi dəyişikliklərə səbəb olan qərarları görmürük, ya da bunlar artıq iclasa qədər hamıya bəlli olur – sadəcə, təsdiqləmək üçün yığışırlar.
- Premyer Liqanın taleyi ilə bağlı problemi AFFA PFL və klublarla İK-nın iştirakı olmadan yoluna qoya bildi. Ancaq hazırda ölkədə birtəhər keçirilən Premyer Liqa və yarımcan I Diviziondan başqa heç bir futbol yarışı yoxdu. Bu turnirlərlə bağlı yeganə danışılacaq məsələ isə heç də pandemiyaya görə yaranan fəsadlar deyil. Son ildə Divizionda yarışmalı olan əvəzedici komandalar yenə azaldı. Bunu danışmağa dəyməzdimi? Tezliklə bu turnirdə də oynamağa komanda tapılmayacaq. Region Liqası, müxtəlif liqalar tam dayanıb – bunun sonu necə olacaq? Əsas milli, U-21 ili fiaskolarla keçirdi. Millətlər Liqası qrupunu de Byaziyə “poliqon”a çevirmək icazəsi verilmişdisə, məqsəd DÇ- seçmələrinə hazırlıq idisə, İK çıxıb bunu deməli, gözləntilərin gələn illə bağlı olduğunu açıqlamalıdı. Ya da de Byazinin uğursuz seçim olduğu etiraf edilməlidi. Son məlumata görə, Obradoviçlə müqavilə yenilənir. Lixtenşteynə tarixi qələbə yaşatdığına görə? Açıq mövzular çoxdu. Bəlkə də, İK məntiqi cavablar olmadığından yığışmağa çəkinir.
Resad Ergun (komanda.az)
- AFFA rəhbərliyi yəqin ki, pandemiyanı bəhanə edir. Amma ən azı “online” şəkildə də olsa, iclas keçirmək olar.
- Milli komandanın Millətlər Liqasındakı biabırçı çıxışı, de Byazinin taleyi və başqa bir çox məsələlər var. Amma görünür, bunlar ancaq futbol ictimaiyyətinin marağındadır, AFFA rəhbərliyinin vecinə də deyil. Uzun danışmaq istəmirəm. Konkret, başda Rövnəq Abdullayevlə Elxan Məmmədov olmaqla, AFFA rəhbərliyi tam tərkibdə istefa verməlidir. Elxan Məmmədovun kuklasına çevrilən İcraiyyə Komitəsi də yenidən formalaşdırılmalıdır. Mən ölkənin idman mediasından da bu cür yanaşma gözləyirəm. Artıq xırda detallara ilişib qalmaq olmaz. Azərbaycan futbolunu rəzil günə salan bu “əbədi” rəhbərlər əbədi olmadıqlarını dərk etməlidirlər.