İki boksçumuz Avropa çempionatında 1/4 finala yüksəldi
- 14 Noy 2023 13:36
- 345
Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 3 idmançısı qələbə qazanıb.
Avropa çempionumuz Nicat Hüseynov ilk görüşündə Françesko Messineo (Almaniya) ilə qarşılaşıb. 51 kq çəkidə mübarizə aparan boksçu inamlı qələbə qazanıb – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27). O, 1/4 finalda ilk mərhələdən azad olan italiyalı Fares Al-Assi ilə döyüşəcək. Görüş noyabrın 16-da olacaq.
Avropa çempionatının finalçısı Ruslan Qədirov (54 kq) də mərhələ adlayıb. O, 1/8 finalda Tommaso Skiaccanı (İtaliya) 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29) hesabı ilə məğlub edib. Qədirov noyabrın 16-da baş tutacaq 1/4 finalda türkiyəli Kaya Canla qüvvəsini sınayacaq.
60 kq-da Maqsud Xasmetov Berat Çiveleki (Türkiyə) mübarizədən kənarlaşdırıb. Milli üzvü 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb. O, noyabrın 14-də 1/8 final çərçivəsində irlandiyalı Kallum Ovenslə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 6 boksçusu rinqə çıxacaq.