Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Rekord.az xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Əşrəf Aşırov debütdə yeniyetmələr arasında Avropa çempionu və gənclər arasında dünya ikincisi olmuş rusiyalı Çermen Valiyevə məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz mayın 19-da təsəlliverici görüşə çıxacaq.

Orxan Abasov əvvəlcə İsrail, daha sonra isə Ukrayna güləşçisinə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Almaniya təmsilçisindən də güclü olan Orxan adını finala yazdırıb.

Osman Nurməhəmmədov qitə birinciliyinə inamlı qələbəylə start verib. Yerli idmançını vaxtından əvvəl xalçadan məyus yola salan Osman Rusiya təmsilçisini də minimal hesabla üstələyib və yarımfinala vəsiqə qazanıb. Yığmamızın üzvü Belarus güləşçisini də məğlub edərək finala adlayıb.

Vahid Qalayev 1/8 finalda Gürcüstan, 1/4 finalda isə Ermənistan güləşçisinə gücünü göstərərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında türk rəqibinə minimal fərqlə uduzub.

Bu çəkilərdə təsəlliverici və medal görüşləri mayın 19-da keçiriləcək. Bakı vaxtı ilə saat 13:30-da təsəlliverici qarşılaşmalar başlayacaq. 20:00-da isə medallar uğrunda həlledici mübarizəyə start veriləcək.

74 kq
1/8 final: Əşrəf Aşırov – Çermen Valiyev (Rusiya) 2:9
Təsəlliverici görüş: Əşrəf Aşırov - Lukas Kant (Almaniya)

86 kq
1/8 final: Orxan Abasov – Uri Kalaşnikov (İsrail) 4:2
1/4 final: Orxan Abasov - Denis Saxaliuk (Ukrayna) 3:1
1/2 final: Orxan Abasov - Lars Şaefle (Almaniya) 8:7
FİNAL: Orxan Abasov - Amanula Rasulov (Rusiya)

92 kq
1/8 final: Osman Nurməhəmmədov – Recep Haydari (Şimali Makedoniya) 10:0
1/4 final: Osman Nurməhəmmədov - Azamat Zakuyev (Rusiya) 5:4
1/2 final: Osman Nurməhəmmədov - Arkadi Pahaşyan (Belarus) 4:0
FİNAL: Osman Nurməhəmmədov - Erhan Yaylacı (Türkiyə)

125 kq
1/8 final: Vahid Qalayev – Aleksi Jorjoliani (Gürcüstan) 6:0
1/4 final: Vahid Qalayev - Hovannes Maqakyan (Ermənistan) 6:3
1/2 final: Vahid Qalayev - Anıl Berkan Kılıçsallayan (Türkiyə) 3:4
Bürünc medal görüşü: Vahid Qalayev - Paris Karepi (Almaniya) / Georgi İvanov (Bolqarıstan)