İki oyunçumuz Türkiyədə üz-üzə gəldi
- 12 Noy 2022 19:52
- 421
Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti tur start götürüb. "Rekord.az" xəbər verir ki, 4-cü turun ilk qarşılaşmasında Azərbaycan yığmasının bu ölkədə çıxış edən voleybolçularının komandaları üz-üzə gəliblər.
Millimizin sabiq hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu "Kuzeyboru" yığmamızın blokçusu Olena Xarçenkonun formasını geyindiyi "Çukurova BLD. Adana Demirspor" klubunu qəbul edib.
Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb və Aksaray təmsilçisi ilk seti qalib başa vurub. Qonaqlar növbəti hissədə daha ciddi müqavimət göstərsələr də Polina və rəfiqələri bu dəfə də sevinən tərəf olublar. Sonrakı setdə də qalib gələn "Kuzeyboru" doğma azarkeşlər önündə quru hesablı qələbəsini rəsmiləşdirib - 3:0 (25:19, 27:25, 25:18).
İki voleybolçumuzun rəqib olduğu matçda Polina Rəhimova 15 xal qazanmaqla komandasının ən məhsuldar oyunçusu olub. O, qonaqları 14 dəfə hücumda, 1 dəfə isə eyslə məyus edib. Blokçumuz Olena Xarçenko isə bu görüşdə meydana çıxmayıb.