UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparacaq təmsilçimiz “Neftçi”nin rəqibi avqustun 31-də müəyyənləşib. Bu Türkiyənin köklü klublarından sayılan “Qalatasaray”dır. Flaqmanın İstanbul nəhəngi ilə rəqib olması ölkədəki futbolsevərləri iki hissəyə bölüb ki, bu da anlaşılandır. Çünki Azərbaycanda “Cim Bom”un azarkeşləri kifayət qədər çoxdur. Onların oyunun baş tutacağı 17 sentyabr günü çətin seçim qarşısında qalacaqlarını indidən söyləmək olar.

Türkiyənin futbol ictimaiyyətində də püşkatmanın nəticəsi kifayət qədər maraqla qarşılanıb.

“Qalatasaray”ın baş məşqçisi Fateh Terimin Azərbaycan klubu ilə rəqib olmalarına sərgilədiyi mövqe ölkəmizdə rəğbətlə qarşılanıb. O, püşkü qısaca olaraq belə dəyərləndirib: “Neftçi ilə rəqib olduq? Yaxşıdır, heç olmasa həmyerlilərimizi, can qardaşlarımızı tapdıq”.

İstənilən halda bir tərəfdə tarixi klubumuz dayanır. Onun növbəti mərhələyə keçməsi futbolumuz üçün olduqca önəmlidir. Bunu  əksər futbol mütəxəssisləri xüsusi olaraq vurğulayırlar.

Ağ partiya başqanı Tural Abbaslı Rauf Arifoğlunu dəstəklədi - YouTube

Tural Abbaslı: “Bizim üçün bu dəfə azarkeşlik etmək rahat olmayacaq”

Həm “Neftçi”, həm də “Qalatasaray”ın azarkeşi olan AĞ Partiya başqanı Tural Abbaslı: “Həm ”Neftçi", həm də “Qalatasaray” iki qardaş ölkənin ən titullu və güclü klublarındandır. Odur ki, bizim üçün bu dəfə azarkeşlik etmək rahat olmayacaq. Mən Türkiyədə “Qalatasaray”ın, Azərbaycanda isə “Neftçi”nin azarkeşiyəm. Yəni əslində hər iki komandaya azarkeşlik edirəm. Ancaq təbii ki, Bakıdakı oyunda yerli komandamız “Neftçi”yə azarkeşlik edəcəm. Burada müsbət hal odur ki, bu qarşılaşmada məğlub olmayacaq, bir millət iki dövlətin iki komandası da qalib olacaq".

Famil Cəfərli: “Başqaları ilə yox, özümlə didişmə-deyişmədə olan adamam”

Famil Cəfərli: “Tanrı ”Neftçi"yə kömək olsun ki, “Cim-Bom” onun qapısını..."

Jurnalist  Famil Cəfərli birmənalı olaraq “Qalatasaray”a azarkeşlik edəcək: “Açığı, mən Azərbaycan futboluna baxanda külqabımı, stəkanımı, əlimə nə keçsə onu televizora tolazlamağa hazır adamlardanam. Çünki oynaya bilmirik. Daha doğrusu, primitiv oynayırıq. Məşhur filmdə deyildiyi kimi, 8 min də versələr, 108 min də versələr... Oynaya bilmirik. Üzümüzü ara-sıra bircə ”Qarabağ" güldürüb. Amma o da “tək kontrabasda” vəziyyətidir, “bir çiçəklə bahar olmaz” söhbətidir, lap dərindən baxsaq, Azərbaycandakı futboldan kənar bir şeydir. “Bizdə futbol yoxdur, olmayıb, olmayacaq” cümləsini azı bir qərinədir futbola baxan biri kimi bir daha, özü də hikkə ilə deyirəm.

“Neftçi”-"Qalatasaray" oyununa gəldikdə isə təbii ki, bu qarşılaşmada da 20 ildir azarkeşi olduğum türk klubuna azarkeşlik edəcəm. “Neftçi”nin udmasını (fantastik görünsə də) əsasən də ona görə istəmirəm ki, növbəti mərhələdə gedib bizi hansısa antirekordla rüsvay eləməsin... Tutaq ki, “Mançester Siti” ilə “Liverpul”, ya da “İnter”lə “Yuventus” Çempionlar Liqasının finalında görüşür. Onda ingilis, yaxud italyan mətbuatı, eləcə də obıvateli bu oyunu “qardaş qırğını” adlandırır? Yox. Peşəkar idmanda bu cür qardaşağa-əmioğlu söhbətlərini hansı ölkədə görüb-eşitmisiniz? Sözümü bir dua ilə bitirim: Tanrı “Neftçi”yə kömək olsun ki, “Cim-Bom” onun qapısını bombardmanla darmadağın edib AFFA-nı peşman etməsin. Elə olmasın ki, özü də hazırda çox yaxşı formada olmayan “Qalatasaray”ı oyundan sonra “adam adamı elə vurmaz” deyə məzəmmət eləyək. Allah 0:2-yə xeyir versin".

Sportal.az - Ölkə və dünya futbolu ilə bağlı xəbərlər

Kənan Məstəliyev: “”Qalatasaray"ın Bakıya gəlişi böyük bir bayrama çevriləcək"

Daha bir tanınmış “Qalatasaray”lı azarkeş, rekord.az saytının baş redaktoru Kənan Məstəliyev böyük bir tarixi hadisənin yaşanacağını qeyd etdi: “Türk dünyasının ən böyük klublarından olan ”Qalatasaray"ın Bakıya gəlişi böyük bir bayrama çevriləcək. Çox təəssüf ki, matç pandemiya səbəbindən azarkeşsiz keçiriləcək və futbolsevərlər bu oyunu tribunadan canlı izləyə bilməyəcək.  Zamanın tələbi budur və onun qaydalarına riayət etmək lazımdır. Amma yenə də “Qalatasaray”ın gəlişi özü-özlüyündə böyük hadisədir. Oyuna gəlincə,  Bakıda Azərbaycan Premyer-Liqasının 2-cisi ilə Türkiyə Superliqasının 6-cısı üz-üzə gələcək. İlk baxışdan o qədər də cəlbedici bir sərlövhə deyil. Ancaq məsələni bu qədər kiçiltməklə səhvə yol vermiş olarıq. Həmin gün uzun illər Azərbaycan futbolunun flaqmanı olmuş, hazırda bu funksiyanı itirsə də, böyüklüyünü qoruyan “Neftçi”, dünyaca məşhur “Qalatasaray”ı öz evində qəbul edəcək. Çox maraqlı matç olacaq. Hər iki komanda sona qədər mübarizə aparacaq, meydanın hər nöqtəsində əzmkarlığa, döyüşkənliyə şahidlik edəcəyik. “Neftçi” çətin günlərini arxada qoymaq və özünü bir daha sübut etmək, “Qalatasaray” isə avrokuboklarda yaxşı start götürərək uzun bir yolda ilk addımını atmağa çalışacaq. Favorit heç şübhəsiz ki, qonaqlardır. Heyətində Arda Turan, Radamel Falkao, Belhanda və digərləri kimi ulduzların olduğu komanda istər-istəməz qələbəyə bir addım daha yaxındır. Proqnozum odur ki, qalib gələn tərəf məhz istanbullular olacaq. Amma bu elə də asan başa gəlməyəcək. Dostluq, qardaşlıq öz yerində, amma futbol meydanında hər şey başqadır. “Neftçi” sona qədər təslim olmayıb, rəqibinə çətinliklər yaşada biləcək".

"Yeni Müsavat"