“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 32-ci turunun açılış matçında “Turan Tovuz”un qonağı olub.


Rekord.az xəbər verir ki, oyundan sonra “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Abbasov 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib:


“Çətin və maraqlı oyun oldu. Görünən o idi ki, hər iki komanda qalib gəlmək istəyirdi. İlk hissədə oyun meydanın mərkəzində gedirdi. İkinci hissədə isə tez-tez hücumlara çıxırdıq. Oyunun ikinci hissəsinə baxsaq, iki xal itirdiyimizi düşünürəm. Ümumi götürəndə, oyunçularımdan razı qaldım. Xallarımızın üzərinə xal gəldi. Rəqibin güclü tərəflərini bilirdik. “Turan Tovuz” yaxşı komandadır.


Əvəzedici heyətdən bəyəndiyim oyunçular var, komandaya dəvət edəcəyik. U-21 millimizə də namizəd futbolçulardır. Səhvləri olur, zaman-zaman düzəldəcəklər. Sadəcə, inanmaq lazımdır.


Klublarda belə bir şey var ki, tələsirik, tez bir zamanda nəticə istəyirik. Birinci liqadan gələn komanda tez bir zamanda legioner oyunçular gətirib nəticə qazanmaq istəyir. Bu belə olmamalıdır. Tələsməməliyik. İnanmaq lazımdır.


“Turan Tovuz”la matçların hər ikisində qələbə qazanmamağımızın səbəbi, mən deyərdim ki, bəxtləri gətirdi”.