
“İkinci qolu vurmağımız komandanı ruhlandırdı”
- 14:44
- 47
“Bolqarıstanla oyunda ikinci qolu vurmağımız komandanı ruhlandırdı və qələbəyə inamı artırdı”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycanın 17 yaşadək qızlardan ibarət millisinin baş məşqçisi Nərgiz Qurbanova Bakıda təşkil edilən Avropa çempionatının II seçmə mərhələsində Bolqarıstan yığması (3:2) ilə keçirilən oyunla bağlı AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis rəqibi öncədən təhlil etdiklərini vurğulayıb:
“Bolqarıstanla çətin oyunda qalib gəldik. Rəqibi öncədən təhlil etmişdik və bizi gərgin mübarizənin gözlədiyini bilirdik. Bolqarıstan yığması ilk matçla müqayisədə bizə qarşı əsas heyət oyunçularını meydana buraxmamışdı. Bu da onların görüşə rahat çıxdıqlarını göstərirdi. Fürsəti lazımınca dəyərləndirərək birinci hissədə əks-hücumdan qol vurduq. İkinci hissədə bolqarların əsas heyət üzvləri mübarizəyə qoşuldular. Buna baxmayaraq, ikinci qolu vurmağımız komandanı ruhlandırdı və qələbəyə inamı artırdı. Son dəqiqələrdə hesabda bərabərlik yaransa da, sona qədər eyni ruh yüksəkliyi ilə çıxış etdik. Nəticədə qələbə qolunu vurmağı bacardıq”.
Qeyd edək ki, B Liqasının II qrupunda yer alan millimiz ilk iki turdan sonra 3 xalla ikinci pillədə qərarlaşıb. Komanda son turda, martın 18-də Malta ilə qarşılaşacaq.