İkinci yarış gününün ilk qalibi Paşa İbrahimli oldu
- 10 Apr 2022 16:00
- 560
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatında ikinci yarış gününə start verilib.
Rekord.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.
Kişilər arasında bu gün körpücük üzərinə ilk olaraq çəkisi 73 kq-a qədər olan idmançılar çıxıblar. Toplam 297 kq (135+162) çəkinin öhdəsindən gələn Paşa İbrahimli qızıl medala sahib çıxıb. Toplam 286 kq (126+160) nəticə ilə Nurlan Məmmədzadə ikinci, toplam 285 kq (130+155) nəticə ilə Ömər Cavadov üçüncü yeri tutublar.
Qaliblərin mükafatlandırma mərasimində çıxış edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov yarış iştirakçılarına uğurlar arzulayıb, iki illik fasilədən sonra təşkil olunan Azərbaycan çempionatında yüksək təşkilatçılıq, mübarizə əzmi və idman ab-havasının hökm sürdüyünü qeyd edib.
Daha sonra qaliblərin təltifetmə mərasimi keçirilib. Qaliblərə mükafatı nazir Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov təqdim ediblər.