İkiqat dünya çempionu: "WADA-nın qərarı faciədir"
- 10 Dek 2019 20:12
- 951
Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiya idmançılarının böyük beynəlxalq yarışlarda iştiraklarına qadağa qoyması birmənalı qarşılanmayıb. "Rekord.az" xəbər verir ki, qurumun bu qərarına etiraz edənlər sırasında Rusiyanın qadın voleybolçulardan ibarət yığmasının sabiq üzvü, ikiqat dünya çempionu Lyubov Sokolova da var.
Təcrübəli voleybolçu WADA-nın rusiyalı idmançıların beynəlxalq yarışlarda iştiraklarına, eləcə də bu ölkənin həmin turnirləri təşkil etməsinə qadağa qoyması qərarının ölkə idmanına böyük zərbə vuracağını bildirib.
"Bu, dəhşətdir. Təkcə yarışlara hazırlaşan idmançılar üçün deyil, eyni zamanda təşkilatçılara da boyük zərbədir. Çox insan işsiz qaldı. Bu, oyunçular, məşqçilər, marketinq və bütövlükdə voleybolun üçün faciədir.
Bundan sonra nə olacağını hətta təsəvvür edə bilmirəm. Yalnız kədər hissi var".
Qeyd edək ki, WADA-nın dünən qəbul etdiyi qərara əsasən, Rusiya bütün idman növləri üzrə 4 il müddətində Olimpiya oyunları və dünya çempionatlarını qəbul edə və bu yarışlarda iştirak edə bilməyəcək. Bu səbəbdən qonşu ölkənin voleybol komandaları da həmin yarışlardan kənar qalacaqlar. Bununla 2022-ci il voleybolçu kişilər arasında dünya çempionatının ev sahibliyi də Rusiyadan alınıb.