Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.

Rekord.az xəbər verir ki, sərəncamla böyüklər arasında sərbəst və yunan-Roma güləşçilərinin komanda hesabında Azərbaycan millisinin 2022-ci il Avropa çempionu olması ilə əlaqədar 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb.

Qeyd edək ki, Azərbaycan komandaları Avropa çempionatında ümumilikdə 16 medal əldə ediblər. Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa çempionatını 2 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub. Milli üzvlərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıb. 

Sərbəst güləş millisindən 7 nəfər - Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşində isə Elis Manolova (65 kq) gümüş medal əldə edib. 

Xatırladaq ki, Prezident İlham Əliyev martın 18-də də Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalamışdı. Sərəncama əsasən, 23 yaşadək güləşçilərin Avropa çempionatında yüksək nəticə qazanması ilə əlaqədar 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılmışdı.