Qadın voleybolçular arasında ölkə çempionatında növbəti oyun baş tutub. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın III turuna derbi ilə start verilib. 

Həm də I dövrənin son turu çərçivəsində keçirilən görüşdə "Murov" və "Azərreyl" klubları üz-üzə gəliblər. Maraqlı keçən qarşılaşmaya "Azərreyl" daha yaxşı başlayıb və 2:0 hesabı ilə önə keçib. Lakin növbəti hissəni "Murov" hesabına yazıb. Bununla belə, "Azərreyl" rəqibinə daha artıq set verməyib və  meydandan 3 xallı qələbə ilə ayrılıb. 

Bu qələbədən sonra xallarının sayını 9-a çatdıran "Azərreyl" turnir cədvəlində vahid liderlik edir. 6 xalı olan "Murov" isə ikinci pillədə qalıb. 

Günün ikinci matçında "Abşeron" klubu "UNEC"i sınağa çəkəcək. Həmin oyun saat 18:00-da başlanacaq.

 

Azərbaycan çempionatı

Yüksək Liqa

III tur

24 yanvar

   "Murov" - "Azərreyl" 1:3 (22:25, 22:25, 25:20, 20:25)